00:00:00
Yazar
Admin User
08.10.2025 16:24 117 2 dəq oxuma
Siyasət

Putinin Düşənbə səfərindən gözləntilər

Putinin Düşənbə səfərindən gözləntilər

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Düşənbədə keçiriləcək MDB Dövlət Başçılarının sammitində iştirak edəcək. Görüşdə ticarət, investisiya və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Vladimir Putinin Düşənbədə keçiriləcək sammitdə iştirakı Moskvanın postsovet məkanında mövqelərini bərpa etmək cəhdi kimi dəyərləndirilə bilər:

 

“Müharibə, sanksiyalar və iqtisadi təcrid fonunda Putin üçün MDB platforması həm siyasi legitimlik, həm də regional nüfuzun qorunması baxımından mühüm alətə çevrilir. Sammitdə ticarət, investisiya və təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi Rusiya üçün iqtisadi izolyasiyadan qismən çıxış və yeni tərəfdaşlıqlar axtarışı deməkdir. Bu, xüsusilə Mərkəzi Asiyada artan Çin və Türkiyə təsiri fonunda Kremlin balans yaratmaq cəhdidir”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan üçün bu sammit həm regional iqtisadi əməkdaşlıq baxımından imkanlar, həm də siyasi ehtiyatlılıq tələb edən situasiyadır:

 

“Bakı həm Rusiya, həm də Qərb və Türk dövlətləri ilə əməkdaşlıq siyasətini paralel şəkildə yürütməyə çalışır. MDB çərçivəsində ticarət və enerji əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın tranzit və logistika rolu üçün əlavə üstünlüklər yarada bilər. Lakin Rusiya ilə Qərb arasındakı gərginliyin dərinləşməsi bu münasibətlərə dolayı təsir göstərə bilər”.

 

Ekspert əlavə edib ki, sammit Moskvanın MDB məkanında “siyasi nəzarət mexanizmini” yenidən aktivləşdirməsi baxımından da diqqət çəkir:

 

“Qərblə münasibətlərin gərginliyi, Ukrayna müharibəsi və yeni sanksiyalar fonunda Rusiya qonşu ölkələrin neytral mövqedə qalmasını təmin etməyə çalışacaq. Lakin bu strategiya bütün dövlətlər tərəfindən eyni şəkildə qəbul edilmir. Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələr çoxqütblü siyasət kursunu qorumaqda maraqlıdırlar. Buna görə də Düşənbə sammiti Rusiyanın təsirini gücləndirmək cəhdinin sınaq platforması olacaq. Amma artıq nəticələr əvvəlki illərdəki kimi Moskva mərkəzli deyil, maraqlar balansı üzərində formalaşır”.

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər