"Putinin Türkiyə səfəri regional reallıqları yenidən formalaşdıra bilər"
2026-cı ildə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərinin gözlənildiyi bildirilir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti”yə Türkiyənin diplomatik mənbəsi açıqlama verib.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında səfərin baş tutacağı təqdirdə əsas müzakirə mövzularından birinin Güney Qafqaz olacağını qeyd edib.
Onun sözlərinə görə, səfərin regional təsiri birbaşa müzakirə olunacaq gündəmdən asılı olacaq:
“Türkiyə-Rusiya münasibətlərində hazırda kifayət qədər ciddi gərginliklər mövcuddur. Xüsusilə, Güney Qafqaz və Türküstan məsələlərində Rusiya uzun müddət Türkiyənin bu bölgələrdə fəal iştirakını qəbul etmirdi. Moskva bu əraziləri özünün mütləq təsir zonası, hətta faktiki müstəmləkəsi kimi dəyərləndirirdi. Lakin mövcud reallıqlar fonunda Rusiya Türkiyənin bölgədəki de-fakto mövcudluğunu anlayır və bunu tədricən qəbul etməyə başlayır”,-deyə o deyib.
Əli Mustafa bildirib ki, müzakirələr baş tutarsa, Rusiya Türkiyənin Güney Qafqazdakı rolunu qəbul etməyə məcbur qalacaq:
“Rusiyanın alternativ yolu yoxdur. Həm resurs baxımından zəifləməsi, həm texniki və təchizat imkanlarının azalması, həm də Suriyada ciddi məğlubiyyətlə üzləşməsi və Ukrayna müharibəsində vəziyyətin onun xeyrinə inkişaf etməməsi bu reallığı daha da aydın göstərir. Belə şəraitdə Rusiya Türkiyənin Güney Qafqazda və Türküstanda mövcudluğunu həzm etməyə və qəbul etməyə məcbur qalacaq. Təbii ki, bunu öz maraqlarını maksimum qorumaq şərti ilə edəcək”,- o söyləyib.
Siyasi şərhçinin fikrincə, Qərb və ABŞ-nin də regionda maraqlarının olması Rusiyanın mövqeyinə təsirsiz ötüşmür:
“Bu regionlar artıq yalnız Rusiyanın təsir dairəsi deyil. Qərb və ABŞ də burada fəaldır. Bu baxımdan Rusiya üçün Türkiyənin bölgədəki rolu digər güclərlə müqayisədə daha az riskli görünür. Moskva real siyasət prizmasından vəziyyəti anlayır və bölgədə başqa oyunçuların mövcudluğunu qəbul edir. Bu səbəbdən Türkiyənin fəallığına daha təmkinli yanaşır”.
Əli Mustafa İran məsələsinin də mümkün müzakirə mövzuları sırasında ola biləcəyini bildirib:
“İranın bölgədəki mövcudluğu Türkiyəni tam qane etmir. Eyni zamanda, İran Rusiya üçün də strateji tərəfdaşdır. Bu baxımdan Azərbaycan və İranla bağlı məsələlərdə Rusiya ilə Türkiyənin müəyyən ortaq mövqelər tapması mümkündür”.
Ermənistan məsələsinə toxunan siyasi şərhçi bu mövzunun daha mürəkkəb olduğunu vurğulayıb:
“Rusiya Ermənistanda təsirini heç kimlə bölüşmək istəmir. Nəyin bahasına olursa-olsun, revanş almağa və əvvəlki mövqelərini bərpa etməyə çalışır. Gürcüstanda da Rusiyanın müəyyən təsir imkanları qalmaqdadır. Əgər Moskva bunu bacararsa, regionda ən azı balanslı güc statusunu qoruyub saxlaya bilər”.
Müsahib qeyd edib ki, Rusiya artıq türk faktorunun regionda həlledici rol oynayacağını dərk edir:
“Azərbaycan türk dövlətidir, Türküstan isə güney türk dövlətidir. Bu səbəbdən Türkiyənin bu ölkələrdə təsirinin qarşısını almaq mümkün deyil. Türkiyənin yayılmasına və türk dövlətlərinin bir-birinə yaxınlaşmasına mane ola bilməyəcəyini ruslar da tədricən anlayırlar”.
NATO-Türkiyə münasibətlərinə də toxunan Əli Mustafa bildirib ki, Türkiyə alyans daxilində nisbətən müstəqil siyasət yürüdür:
“Türkiyə NATO üzvü olsa da, bir çox məsələlərdə öz milli maraqlarına uyğun addımlar ata bilir. Bununla yanaşı, alyansın ümumi maraqlarını da nəzərə alır. Bu səbəbdən NATO-Türkiyə münasibətlərində ciddi problemlərin yaranacağını düşünmürəm”.
Onun sözlərinə görə, Putinlə NATO arasında münasibətlər rəqabət xarakteri daşısa da, Rusiya ilə ən çevik münasibətlərə malik NATO ölkəsi məhz Türkiyədir:
“NATO da Türkiyənin bu proseslərdə oynadığı rolu anlayır və qəbul edir. Bu baxımdan Putinin Türkiyəyə mümkün səfəri həm regional balans, həm də yeni siyasi reallıqlar baxımından diqqətəlayiq hadisə ola bilər”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəri Bayramlı
