Putinlə görüşə hazıram
Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib ki, Ukrayna Rusiya ilə liderlər səviyyəsində görüşə hazırdır və yalnız bu formatda bütün vacib məsələlər müzakirə oluna bilər.
"Rusiya hələ də aqressiyasını davam etdirir və yeni şərtlər irəli sürür",- Zelenski qeyd edib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya hələ məsələnin dondurulmasını istəmir:
“Zelenski dəfələrlə deyib ki, Putinlə görüşməyə hazıram. Putin də bunun əleyhinə olmadığını göstərir. Amma görüş üçün hələ addım atmır. Çünki cəbhədə üstündür və bundan maksimum yararlanmaq istəyir. Almadığı əraziləri belə Ukrayna onu Rusiya ərazisi kimi tanısın istəyir. Amma şərtlər Zelenskinin əleyhinədir, onun dövlətinin əleyhinədir. Çünki cəbhədə Ukrayna məğlub durumdadır. Düzdür, tam olaraq məhv olma durumunda deyil, amma yenə də məğlub durumdadır. Zelenski, təbii ki, istəyər danışıqlar olsun, atəşkəs olsun, Ukrayna bir az nəfəs alsın, güc toplasın. Rusiyanın da nəfəs alma ehtiyacı var. Amma Rusiya məsələnin dondurulmasını istəmir. Tam kökündən həll edilməsini istəyir. Çünki bu qədər itkilər verib. Sonra Putinə sual verməzlərmi, bu qədər itki var, sən isə atəşkəsin dondurulmasına razı oldun. Bəs ərazilər? Onların bir hissəsi yenə Ukraynadadır. Rusiya hələ ala bilməyib. Tutulan əraziləri belə Ukrayna və dünya Rusiyanın ərazisi kimi tanımır. Bəs bunların gələcəyi nə olacaq? Daxili auditoriyada Putinə qarşı bu suallar var və Putin də, təbii ki, bütün bu sualların ona verilməməsi üçün məsələni nöqtələmək istəyir. Zelenski hələlik məsələyə sual qoymaq istəyir. Amma bunu uzatmaq istəyir. Putin isə nöqtələmək istəyir. Hələlik belə bir vəziyyətdir”.
Lalə Qurbanlı