00:00:00
Yazar
Admin User
15.12.2025 17:31 106 3 dəq oxuma
Siyasət

Putinlə Ərdoğanın danışığı hamını şoka salıb...

Putinlə Ərdoğanın danışığı hamını şoka salıb...

Putinlə Ərdoğan arasında Aşqabadda keçirilən qapalı və uzunmüddətli danışıqlar diqqət çəkib. Görüşün uzanması səbəbilə Pakistanın Baş naziri Şahbaz Şərif Putini gözləməkdən imtina edərək görüşün təxirə salınmasını təklif edib. Rusiya lideri də razılaşıb. Bunu rusiyalı politoloq Sergey Markov deyib.

 

Putin və Ərdoğan arasında danışıqlar yenidən davam edib, lakin heç bir açıqlama verilməyib. Səbəbin sülh və ya ticarət deyil, Türkiyənin dəniz ticarətində yaranan böhran olduğu bildirilir. Ukraynanın Rusiya və Türkiyəyə aid gəmilərə hücumları, Rusiyanın isə Odessada Türkiyə gəmisinə zərbəsi vəziyyəti təhlükəli mərhələyə çatdırıb. Ankara böhranı Putinlə dialoq yolu ilə həll etməyə çalışır.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlama edib:

 

“Putinlə Ərdoğan arasında keçirilən görüşün planlaşdırılandan xeyli uzun çəkməsi təsadüfi deyil. Böyük ehtimalla danışıqlarda Türkiyə–Rusiya münasibətlərində son dövrlər yaranan ciddi risklər, xüsusilə də Qara dənizdəki təhlükəsizlik vəziyyəti əsas müzakirə mövzusu olub. Türkiyə uzun müddətdir ki, Rusiya və Ukrayna arasında danışıqlar üçün vasitəçi və ev sahibi rolunu qoruyur. Lakin hazırkı mərhələdə məsələ artıq yalnız diplomatik platforma olmaqdan çıxıb, birbaşa Türkiyənin milli təhlükəsizliyinə toxunan faktiki risklərə çevrilib. Qara dənizdə həm Rusiya, həm Ukrayna gəmilərinə hücumlar, dəniz nəqliyyatının faktiki olaraq müharibə zonasına çevrilməsi ciddi narahatlıq doğurur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Ukrayna limanlarından çıxan yüklər əsasən Türkiyə gəmiləri ilə daşınır və bu gəmilərin ekipajı Türkiyə vətəndaşlarıdır. Son hücum zamanı Ukraynadan Misirə taxıl daşıyan Türkiyə gəmisi raket zərbəsinə məruz qalıb, nəticədə ekipaj üzvləri xəsarət alıb və 13 Türkiyə vətəndaşı zərər çəkib. Hadisənin açıq dənizdə, beynəlxalq sular ərazisində baş verməsi isə beynəlxalq dəniz hüququna və konvensiyalara ziddir. Bu cür hücumlar Türkiyəni birbaşa zərər çəkən tərəfə çevirir və rəsmi Ankaranın Rusiya tərəfinə etiraz bildirməsi tamamilə anlaşılandır. Bununla yanaşı, bəzi ekspertlər Qara dənizdə baş verənlərin arxasında Türkiyə ilə Rusiya arasında gərginlik yaratmaq istəyən üçüncü qüvvələrin dayandığını istisna etmirlər. Hətta hücumların bəzilərinin məqsədli şəkildə Türkiyə gəmilərinə yaxın ərazilərdə həyata keçirildiyi və bunun Ankaranı Moskva ilə qarşıdurmaya çəkməyə hesablandığı iddiaları da var”. 

 

Müsahibimiz qeyd edib ki, digər riskli məqam isə enerji təhlükəsizliyi ilə bağlıdır:

 

“Hazırda Rusiya qazı Türkiyə üzərindən digər regionlara nəql olunur və bu xətlərin sabotaj riski də müzakirə mövzusudur. Bu isə münasibətlərin gərginləşməsi halında daha böyük regional problemlərə yol aça bilər. Bütün bunlara baxmayaraq, Türkiyə indiyədək balanslı mövqeyini qoruyub: NATO üzvü kimi öhdəliklərini yerinə yetirir, eyni zamanda Rusiya ilə dialoqu açıq saxlayır. Bu mövqe bəzən Qərbdə narahatlıq yaratsa da, müəyyən məqamlarda elə həmin dialoq mexanizmi böhranın dərinləşməsinin qarşısını alır. Lakin son vaxtlar Türkiyə gəmilərinin hədəfə alınması və Qara dənizdə artan hərbi risklər bu dialoq müstəvisinin məqsədli şəkildə sıradan çıxarılmasına cəhd kimi də qiymətləndirilir. Bəzi yanaşmalara görə, Türkiyənin barışdırıcı rolunu zəiflətmək və onu münaqişənin tərəfinə çevirmək istəyən qüvvələr mövcuddur.

 

Nəticə etibarilə, Putin–Ərdoğan görüşündə əsas müzakirə mövzularından biri məhz bu təxribatların qarşısının alınması, Qara dənizin tam miqyaslı müharibə zonasına çevrilməsinin önlənməsi olub. Ümid edilir ki, dialoq kanalları qorunacaq və Türkiyə–Rusiya arasında açıq qarşıdurmaya yol verilməyəcək. Ancaq Rusiya–Ukrayna müharibəsi davam etdikcə, bu risklərin tam aradan qalxması da real görünmür”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər