Qətər ABŞ-İran gərginliyində sülhə çağırır
Qətər ABŞ-lə daim əlaqədə olduğunu və İranla münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Qətər rəsmisi Mohammed bin Abdulaziz Al-Khulaifi qeyd edib ki, Doha ABŞ ilə bütün kanallar vasitəsilə əlaqələri açıq saxlayır və Vaşinqtonu münaqişələrin sülh yolu ilə həllinə çağırır. Onun sözlərinə görə, Qətər regionda gərginliyin artmasının qarşısını almaq və problemlərin diplomatik yollarla həllini dəstəkləmək niyyətindədir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə formalaşdırdığı “vasitəçi diplomatiyası” strategiyasının davamı kimi qiymətləndirilir:
“Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Qətərin ABŞ və İran arasında mümkün vasitəçi rolunu gücləndirməsi region diplomatiyasında diqqət çəkir. Doha rəsmiləri Vaşinqtonla bütün kanallar vasitəsilə əlaqələri açıq saxladıqlarını və münaqişələrin sülh yolu ilə həllini dəstəklədiklərini bildirirlər. Bu, Qətərin son illərdə formalaşdırdığı “vasitəçi diplomatiyası” strategiyasının davamı kimi qiymətləndirilir. Qətərin bu rolu müəyyən mənada real hesab olunur. Çünki Doha həm ABŞ-lə sıx hərbi əməkdaşlığa malikdir və ölkədə ABŞ-nin böyük hərbi bazalarından biri yerləşir, həm də İranla münasibətləri kəskin qarşıdurma səviyyəsinə çatdırmayan azsaylı Körfəz ölkələrindəndir. Bu balanslı yanaşma Qətərə müəyyən etimad qazandırır və onu potensial dialoq platforması kimi önə çıxarır. Bununla belə, ABŞ və İran arasındakı qarşıdurma nüvə proqramı, sanksiyalar, təhlükəsizlik və regional təsir kimi geniş strateji məsələləri əhatə etdiyindən Qətərin vasitəçilik imkanları əsasən dialoqun saxlanması və gərginliyin azaldılması ilə məhdudlaşa bilər. Qətər eyni zamanda regionda neytral dialoq platforması imicini gücləndirməyə çalışır. Bu strategiya ölkənin regional nüfuzunu artırır və onu müxtəlif münaqişələrdə vasitəçi aktora çevirir. Lakin ABŞ və İran münasibətlərinin yaxın müddətdə yumşalması çətin görünür. Buna baxmayaraq, diplomatik kanalların açıq saxlanması və gərginliyin idarə olunmasında Qətər kimi vasitəçi aktorların rolu mühüm hesab olunur”.
Aydan Əsgərxanlı