Qadağalar çoxdur, amma məsuliyyət azdır
Cəmiyyətdə qanun və qadağalar kifayət qədərdir. Amma insanların gündəlik davranışlarında məsuliyyət anlayışı zəifdir. Yol hərəkəti qaydalarını pozan, ictimai yerlərdə etik normalara riayət etməyən, vətəndaşlıq borcunu unudan fərdlər çoxdur. Qadağaların çox, amma məsuliyyətin az olması nəticəsində cəmiyyətdə etibar və sosial intizam böhranı yaranır. Bu məsələ yalnız hüquqi deyil, həm də psixoloji, sosial və mədəni problem kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, qanunlar zahiri, yəni fiziki baxımdan insana xaricdən nəzarət yaradır. Davranış isə əsas daxili nəzarətdir:
“Qaydanı pozan və nəticə görməyən insan üçün qanun “formal kağız”a çevrilir. Selektiv tətbiq zamanı qanun hamıya eyni tətbiq olunmadıqda, ədalətə inam zəifləyir. İkincisi, normallaşan pozuntusudur. “Hamı belə edir” düşüncəsi davranışı legitimləşdirir. Digər bir səbəb mənəvi zəiflikdir. Belə ki, dəyər sistemi zəif formalaşmış fərd yalnız qorxu ilə idarə olunur. Səbəblərdən biri də institusional etimadsızlıqdır. Qanun qorxudur, lakin keçicidir, dəyər isə yönləndirir, amma qalıcıdır. Əgər uşaqlıqda formalaşan dəyərlərimizi sadalasaq, bu da bizdə vicdan mexanizmini yaradar. Empati qabiliyyətini inkişaf etdirər.
Məsuliyyət ya tədris edilir, ya da model olaraq göstərilir. Yalanın cəzasız qaldığını, gücün haqlı sayıldığını, qaydanın yalnız zəiflər üçün olduğunu görən uşaq böyüyəndə qanunu aşmağı bacarıq, etik davranışı isə sadəlövhlük sayacaq. Bu pozuntular zəncirvari sosial çökmə yarada bilər. Belə ki, etimadın itməsi insanın qarşısındakına inamını azaldır. Qaydanı pozan qazanırsa, qaydalara əməl edən uduzduğunu görürsə, bu da sosial ədalətsizliyə gətirib çıxarır. Zorakılıq normallaşdıqca, etik sərhədlər itir. Cəmiyyətdə beyin axını baş verir. Sağlam cəmiyyət qanunla idarə olunur. Dəyərlərlə tərbiyə edən cəmiyyətdir.
Qanun çərçivədir, dəyər ruhdur”.
Banu Məmmədova
