Qahirə Muzeyindən 3,000 illik qızıl bilərzik itib
Misirdə səlahiyyətlilər Qahirə Muzeyinin restavrasiya laboratoriyasından itib-aşkar olunan 3,000 illik qızıl bilərziyin axtarışını aparırlar. Kürə formasında laqis lazuli muncuqları ilə bəzədilmiş nadir bəzək qədim Misirin XXI sülaləsi fironu Amenemope dövrünə (e.ə. 993–984) aiddir.
Antik əşyalar Nazirliyi bildirib ki, bilərziyin yoxa çıxması dərhal polisə ötürülüb, bütün hava limanları, dəniz limanları və quru sərhəd-keçid məntəqələrinə məlumat və şəkillər göndərilib. Qaçaqmalçılıq riskinin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılıb. Bundan əlavə, laboratoriyada saxlanılan bütün əsərlərin siyahıya alınması və yoxlanması üçün xüsusi komitə yaradılıb.
Nazirlik həmçinin açıqlamanın qəsdən gecikdirildiyini, bunun istintaqa əlverişli şərait yaratmaq məqsədi daşıdığını deyib. Yerli mətbuat isə bildirir ki, bilərziyin itməsinin muzey əməkdaşları onlarla əsəri Romaya göndərməyə hazırlaşdığı vaxt ortaya çıxdığı məlum olub.
170 mindən çox artefakt saxlanan Qahirə Muzeyi Yaxın Şərqin ən qədim arxeoloji muzeyidir. Burada Amenemopenin qızıl suyuna çəkilmiş taxta dəfn maskası da nümayiş olunur. Bilərziyin itməsinin Qizadakı Böyük Misir Muzeyinin açılışına altı həftə qalmış baş verməsi isə diqqət çəkib. Yeni muzeydə Tutanxamonun məzarından çıxarılan məşhur xəzinələrin sərgilənməsi planlaşdırılır.
BBC News
Ayşə Müzəfərli