Qalibaf ABŞ və İsrailin İrana hücumun yeni mərhələsinə hazırlaşdığını iddia edib- ŞƏRH
ABŞ və İsrail İrana hücumun yeni mərhələsinə hazırlaşır.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf xalqa müraciətində belə iddia ilə çıxış edib.
"Düşmənin açıq və gizli hərəkətləri onun müharibənin yeni mərhələsini axtardığını göstərir", - o bildirib və əlavə edib ki, ABŞ ilə İsrail strateji tələyə düşüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Amerika və İran arasında məsələlər hələ ki, öz həllini tapmayıb:
“Belə ki, Pakistanın vasitəsilə danışıqlar, davam etsə də atəşkəs ay yarımdan artıqdır, mövcuddur. Amma hələlik danışıqlarda hansısa ciddi irəliləyişin olduğunu söyləmək mümkün deyil. Çünki tərəflərin məsələlərə baxışlarında ciddi fərqlərin olduğunu görürük. Bu baxımdan danışıqlar və dialoq vasitəsilə diplomatik səylər nəticə verməyəcəksə, razılaşma olmayacaqsa, o zaman hər bir eskalasiya riski qalmağa davam edəcək. Nəzər alsaq ki, Çin səfərindən sonra da Trampın verdiyi açıqlamalar əslində bu gərginliyin hansı səviyyədə olduğunu bizə göstərməkdədir, digər tərəfdən İsrail də İranla bağlı məsələləri davam etdirmək və İrana daha çox zərbələr vurmaq haqqında düşünür və buna hazır olduğunu bəyan edir. O zaman eskalasiya riski qalmaqda davam edəcək. İran tərəfinin verdiyi təkif yanaşmaları heç də bu məsələnin tam şəkildə həllində maraqlı olduqlarını ortaya qoymur. Yəni, bir formada İran da müəyyən qədər təhrikedici və ya qeyri-real çıxışlar etməklə vəziyyəti müəyyən qədər gərginləşdirir. Amma İranın özünün də daxilində Amerika-İsrail münasibətləri ilə bağlı fikir ayrılıqları mövcuddur. Bir tərəfdən qarşıdurmanı davam etdirmək istəyən radikal dairələr, digər tərəfdən isə İranın ləyaqətini qorumaqla gərginliyin idarə olunması və dialoq təşəbbüslərlə çıxış etmək istəyən qüvvələr var ki, biz bunu da Pezeşkiyanın son açıqlamalarında görürük. Yəni, əgər savaş riski qalacaqsa, bu şübhəsiz ki, regional proseslərə mənfi təsir edəcək”.
Nurgün Qənizadə