“Qarabağ” “Ayaks” oyunu öncəsi mətbuat açıqlaması
"Baş məşqçi klubun ümumi transfer siyasətilə bağlı mövqeyini bildirib. O cümlədən, qış transfer pəncərəsi zamanı bu istiqamətdə addımlar atmağı düşündüklərini diqqətə çatdırıb".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, planların nə dərəcədə reallaşacağı isə zaman məsələsidir və yaxın vaxtlarda şahidi olacağıq:
" "Ayaks" hazırda yaxşı günlərini yaşamır. Klubun Çempionlar Liqasında 5 oyunun hamısında uduzması gözlənilməz nəticədir. Amma rəqibin autsayder olması o demək deyil ki, "Qarabağ"ı asan oyun gözləyir. Mən əksini düşünürəm, çünki zəngin ənənəsi, beynəlxalq oyun təcrübəsi olan komandalara qarşı oynamaq həmişə çətindir. İnanıram ki, "Qarabağ" belə mühüm nüansları ciddi şəkildə nəzərə alacaq və meydana ən mübariz və prinsipal ovqatla çıxacaq. Bəli, "Ayaks"ın bu mövsüm ÇL-də iddiası bitib, amma turnirdə uğursuz çıxışa son verməyə iddialıdır. Bunu Niderland təmsilçisinin baş məşqçisi də Bakıda keçirilən matç öncəsi mətbuat konfransında açıq şəkildə bildirib. Komanda var ki, güclü müdafiəsi və ya güclü yarımmüdafiə xətti hesabına, yaxud yüksək bitiricilik qabiliyyətinə malik hücumçusu sayəsində istəyinə çatır. "Qarabağ" isə uğurları sırf komanda oyunu ilə qazanır. Bu keyfiyyətini qoruya bilsə, "Ayaks"la görüşdə azarkeşlərini sevindirəcək".
Zəhra Möhübbətova
