Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi məkan – Logistika və istehsal imkanları artır
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bu ərazilərin vahid iqtisadi-siyasi planda inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformator.az”a açıqlamasında bildirib ki, hər iki region həm quruculuq, həm də bağlantı məkanı kimi mühüm əhəmiyyət daşıyır.
“Qarabağ və Şərqi Zəngəzur quruculuq və bağlantı məkanıdır. Ölkə başçısı hər iki ərazinin vahid iqtisadi-siyasi planda inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdı”.
Zahid Orucun sözlərinə görə, Şərqi Zəngəzurda inşa edilən dəmir yolu xətti Azərbaycanın əldə etdiyi Qələbənin iqtisadi və regional imkanlara çevrilməsinin göstəricisidir. Onun fikrincə, yeni nəqliyyat infrastrukturu regionda logistika mərkəzlərinin və iqtisadi inteqrasiyanın formalaşmasına şərait yarada bilər.
“Şərqi Zəngəzurda inşası başa çatmaqda olan dəmir yolu xətti Qələbənin iqtisadi xəritəyə çevrilmiş formasıdır. Horadizdən Ağbəndə qədər azad Cəbrayıl, Zəngilan və vahidləşən Zəngəzur bir millətin tarixi bütövləşdirir. Azərbaycan Ordusunun yaratdığı yeni strateji coğrafiya döyüş meydanında əldə olunan uğurun yeni regional qaydalara, logistika mərkəzlərinə və iqtisadi inteqrasiyaya xidmət etməsi deməkdir”.
Komitə sədri hesab edir ki, növbəti mərhələdə nəqliyyat və bağlantı imkanları ətrafında yeni istehsal və iqtisadi fəaliyyət sahələri formalaşdırıla bilər. Logistika kompleksləri, istehsal müəssisələri, azad iqtisadi zonalar və xidmət infrastrukturu regionun iqtisadi potensialını artıracaq.
“Logistika, anbar kompleksləri, gömrük və sərhəd xidmətləri, yük terminalları, istehsal müəssisələri, servis infrastrukturu, yeni otellər və əmək bazarı bütöv bir regionun gələcəyini dəyişəcək, İrəvan-Bakı əməkdaşlığının ayrılmaz qovşağına çevriləcək. TRIPP-in ətrafında istehsal klasterləri, logistika və azad iqtisadi zonalar, emal sənayesi və ixrac yönümlü müəssisələr formalaşdırmaq mümkündür”.
Süsən Mərdalıqızı