00:00:00
Yazar
Admin User
07.11.2025 17:41 94 3 dəq oxuma
Siyasət

Qazaxıstan “İbrahim sazişi”nə qoşulub

Qazaxıstan “İbrahim sazişi”nə qoşulub

Türk dünyasının önəmli dövləti olan Qazaxıstan rəsmi şəkildə “İbrahim sazişi”nə qoşulub. Bu qərar regionda İsrail və ərəb ölkələri ilə münasibətlərin yeni mərhələyə keçəcəyini göstərir. ABŞ administrasiyası bu addımı Yaxın Şərqdə sabitlik və əməkdaşlıq üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.

 

Mövzu ilə bağlı deputat Aydın Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, Qazaxıstanın “İbrahim sazişi”nə qoşulması Türk dünyasından gələn tarixi addım kimi dəyərləndirilir:

 

“Onun sözlərinə görə, bu qərar təkcə Yaxın Şərq diplomatiyasında deyil, həm də Avrasiya məkanında yeni siyasi dinamikanın başlanğıcı ola bilər. Qazaxıstanın bu addımı göstərir ki, region artıq qlobal diplomatiyada müşahidəçi yox, prosesləri formalaşdıran mərkəzlərdən birinə çevrilməkdədir. Qazaxıstanın “İbrahim sazişi”nə qoşulması regional diplomatik balansda ciddi dəyişikliklərə səbəb ola bilər. Çünki bu saziş Yaxın Şərqdə uzun illər davam edən siyasi və dini baryerləri aradan qaldırmağa yönəlmiş nadir təşəbbüslərdən biridir. Onun fikrincə, Qazaxıstan kimi çoxvektorlu xarici siyasət yürüdən dövlətin bu addımı Orta Asiya ilə Yaxın Şərq arasında yeni əməkdaşlıq körpülərinin yaranmasına təkan verəcək. Bu eyni zamanda, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərərək onu dialoq və sabitlik tərəfdarı kimi möhkəmləndirəcək”.


Həmçinin deputat qeyd edib ki, Qazaxıstanın bu qərarı onun müsəlman dünyasındakı mövqeyi ilə ziddiyyət təşkil etmir, əksinə, həmin mövqeni daha da gücləndirir:


“Qazaxıstan uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dinlərarası harmoniya, tolerantlıq və sülh mədəniyyətini təşviq edən siyasət yürüdür. “İbrahim sazişi” də bu istiqamətdə atılmış məntiqli addımdır. Bu, qarşıdurmanı dərinləşdirmək yox, dialoq və anlayışı genişləndirmək məqsədi daşıyır. Qazaxıstan bu yolla müsəlman ölkələri ilə münasibətlərini zəiflətmir, əksinə, özünü vasitəçi, dialoq körpüsü kimi təqdim edir. Bu qərar həm də Türk dünyasının beynəlxalq siyasətdə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Onun fikrincə, artıq Türk dövlətləri təkcə mədəni və iqtisadi əməkdaşlıqla kifayətlənmir, qlobal diplomatiyada da sülh və sabitlik təşəbbüslərinin daşıyıcısına çevrilirlər. Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstan kimi ölkələr qlobal müstəvidə daha aktiv diplomatik rol oynayır. Qazaxıstanın bu addımı Türk dünyasının beynəlxalq nüfuzunu artırır, bu ölkələrin qlobal dialoq proseslərində daha çox söz sahibi olmasına şərait yaradır. Qazaxıstanın bu təşəbbüsü eyni zamanda Avrasiya məkanında siyasi tarazlığın yenidən formalaşmasına gətirib çıxara bilər. Çünki region artıq yalnız böyük güclərin təsir dairəsində qalmır, əksinə, öz təşəbbüsləri ilə qlobal proseslərə təsir göstərməyə başlayır. Bu da Türk dövlətlərinin geosiyasi çəkisini artırır və onları beynəlxalq münasibətlər sistemində daha mühüm aktor kimi mövqeləndirir. “İbrahim sazişi”nə qoşulmaqla Qazaxıstan həm də yeni diplomatik körpü rolunu üzərinə götürür. Qazaxıstan Yaxın Şərqdəki sabitlik proseslərində balans yaradan, dialoqu təşviq edən dövlət obrazını gücləndirir. Bu həm regionun, həm də Türk dünyasının beynəlxalq sistemdə nüfuzuna müsbət təsir göstərəcək. Bu qərar bir daha sübut edir ki, Türk dövlətləri artıq təkcə regional deyil, həm də qlobal sabitliyin təminatında əsas iştirakçılardan birinə çevrilməkdədirlər”.

 

Son olaraq Hüseynov bildirib ki, Qazaxıstanın bu addımı gələcəkdə digər Türk respublikalarına da ilham verə bilər:


“Bu qərar Azərbaycan, Türkiyə və digər müttəfiq ölkələr üçün də yeni diplomatik imkanlar açır. Qazaxıstan göstərib ki, diplomatiyada müstəqil, balanslı və çoxvektorlu siyasət yürütmək mümkündür. Bu, Türk dünyasının beynəlxalq proseslərdə fəal və məsuliyyətli mövqeyini bir daha nümayiş etdirir. Bu addımın nəticəsində Türk dövlətləri arasında siyasi əlaqələr daha da sıxlaşacaq, ortaq diplomatik koordinasiya mexanizmləri formalaşacaq. Türk dövlətləri artıq iqtisadi və enerji sahəsində olduğu kimi, diplomatiya və beynəlxalq təhlükəsizlik məsələlərində də birlik nümayiş etdirməyə başlayır. Bu isə həm Türk Şurasının, həm də ümumilikdə Türk dünyasının beynəlxalq nüfuzunu gücləndirən amildir. Qazaxıstanın bu qərarı sadəcə diplomatik sənəd deyil, həm də Türk dünyasının gələcək vizyonuna verilən töhfədir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər