00:00:00
Yazar
Nərmin Həşimova
17.04.2026 23:39 23 3 dəq oxuma
Siyasət

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Aprelin 16-da müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə, o cümlədən hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində kifayət qədər uğurlu əməkdaşlıq formatları mövcuddur:

 

“Azərbaycan ilə Qazaxıstan arasında mövcud münasibətlərin daha üst səviyyəyə çıxarılması üçün hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi də mühüm amillərdən biri olacaq. Digər tərəfdən isə biz Qazaxıstanla Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərimizi daha da möhkəmləndirmək üçün kifayət qədər ciddi potensiala malik ölkəyik. Bu potensialın da həyata keçirilməsi üçün addımların atılması tamamilə hər iki tərəfin milli və dövlət maraqlarına uyğundur”.

 
Hərbi ekspert Şair Ramaldanov isə bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə dostluğa və yoldaşlığa istiqamətlənərək bütün dövlətlərlə diplomatik əlaqələr qurub:


“ O diplomatik əlaqələr çərçivəsində müxtəlif istiqamətlərdə münasibətlərin genişləndirilməsində marağını həmişə göstərib. Qazaxıstan isə bunların içində xüsusi yer tutur. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin xüsusi inkişaf istiqaməti, yanaşma prinsipləri bu münasibətləri daha da səmimi edir. Qazaxıstanla nəinki, dövlətlər bizim xalqımızda da çox yaxın, isti münasibətlər bəslənir. Hərbi sənaye sahəsində Qazaxıstanın da inkişaf edən hərbi sənaye kompleksi var. Azərbaycan və Qazaxıstan hərbi sənaye kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin hərbi sənayesinin inkişafına özünəməxsus müsbət təsir edir. Azərbaycanın hərbi sənayesi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzində olaraq artıq gəlir gətirən sahəyə dönüb”.


Şair Ramaldanov qeyd edib ki, bu gün Azərbaycanın məhsulları 20-dən yuxarı ölkəyə ixrac olunur:


“Azərbaycanın müdafiə sənayesinin pavilyonları sərgilərdə getdikcə sahələrini genişləndirir, istehsal olunan məhsulların çeşidləri, təyinatı və həcmi artır. Bütün bunlar bugünkü müasir tələblərə cavab verir. Bu da Azərbaycan Respublikasının Prezidenti vasitəsilə hərbi sənayenin inkişafı üçün ən müasir cihazların, avadanlıqların gətirilməsi ilə Azərbaycanda yeni hərbi sənaye müəssisələrinin açılmasının nəticəsi kimi qiymətləndirilə bilər. Ona görə də Azərbaycan Qazaxıstan üçün maraqlı bir dövlətdir. Azərbaycanın türkdilli dövlətlərlə, xüsusən hərb sahəsində inkişafı təmin edilib. Bu, birinci növbədə türkdilli dövlətlərin müstəqilliyini daha da möhkəmləndirib. Hərbi sənayenin inkişafı və hərbi münasibətlərin genişlənməsi, həmçinin türkdilli dövlətlərin sammitində cənab Prezidentin təklifi ilə 2026-cı ilin təlimlər ili kimi elan olunması və türkdilli dövlətlərin ordularının iştirakı ilə çoxsaylı təlimlərin keçirilməsi nəzərdə tutulub. Hər bir ordunun və yaxud hərbi sahənin inkişafı müstəqillik tələb edir. Azərbaycan Birinci Qarabağ savaşında bunun təcrübəsini görüb. Azərbaycanın özünün istehsal sahələri olmadığı üçün hərbi məhsullar üzrə Azərbaycan bu və ya digər dövlətlərə müraciət etməli olub və silah-sursat almaq məqsədilə o zaman da çoxlu çətinliklərlə rastlaşıb. Bütün bunları nəzərə alaraq bu gün türkdilli dövlətlərin inkişaf perspektivlərini görərək hərbi sənayenin inkişafı, xüsusən də iki inkişaf edən hərbi sənayeyə sahib olan Azərbaycan və Qazaxıstan ölkələrinin bu sahəni inkişaf etdirməsi həm maraqlı, həm də vacib bir addımdır”.


Nurgün Qənizadə

#azərbaycan #qazaxıstan #sənaye #inkişaf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər