00:00:00
Yazar
Səadət Əlizadə
06.08.2026 20:06 51 3 dəq oxuma
Sosial

QHT-lərin dövlət maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq

QHT-lərin dövlət maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq

Avqustun 5-də Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə “QHT sektorunda rəqəmsallaşma və innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Rəqəmsal texnologiyaların QHT-lərin dövlət dəstəyi mexanizmlərinə inteqrasiyası Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha çevik, şəffaf və nəticəyönümlü qurulması üçün yeni imkanlar yaradır:

 

 

"Belə ki, rəqəmsallaşma təkcə texniki idarəetmə vasitəsi deyil, bu eyni zamanda dövlət və qeyri-hökumət təşkilatları arasında münasibətlərin daha şəffaf, səmərəli və hesabatlı əsaslar üzərində qurulmasına xidmət edən institusional mexanizmdir.
Hazırda bir çox ölkələrdə dövlət və QHT sektoru arasında maliyyə münasibətlərinin idarə olunmasında əsas çağırışlardan biri şəffaflıq, resursların ədalətli bölüşdürülməsi və layihələrin nəticələrinin qiymətləndirilməsidir. Vahid rəqəmsal platformanın yaradılması bu problemlərin həllinə mühüm töhfə verə bilər. Belə sistem vasitəsilə QHT-lər maliyyə imkanları, qrant müsabiqələri, müraciət prosedurları və hesabat mexanizmləri barədə vahid mənbədən məlumat əldə edə bilərlər. Dövlət qurumları üçün isə layihələrin seçilməsi, icrasının monitorinqi və ayrılan vəsaitlərin effektivliyinin qiymətləndirilməsi daha çevik və sistemli həyata keçirilə bilər.
Bu təşəbbüsün dövlətlə vətəndaş cəmiyyəti institutları arasındakı münasibətlərə əsas təsiri qarşılıqlı etimadın gücləndirilməsi olacaq. QHT sektoru üçün ən vacib məsələlərdən biri maliyyələşmə mexanizmlərinin aydın və proqnozlaşdırıla bilən olmasıdır. Rəqəmsal platforma qərarvermə proseslərini daha açıq etməklə subyektiv yanaşmalarla bağlı narahatlıqları azalda bilər. Eyni zamanda, dövlət üçün də ictimai təşəbbüslərin daha effektiv şəkildə dəstəklənməsi və sosial problemlərin həllində QHT-lərin potensialından daha geniş istifadə imkanı yaradar.
Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal maliyyələşdirmə sistemləri bir sıra ölkələrdə dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının mühüm elementinə çevrilib. Məsələn, Avropa ölkələrinin bir çoxunda qrant müsabiqələri elektron platformalar üzərindən həyata keçirilir, layihə müraciətləri, qiymətləndirmə prosesləri və hesabatlar rəqəmsal şəkildə idarə olunur. Bu yanaşma həm inzibati xərcləri azaldır, həm də maliyyələşmənin nəticəyönümlü olmasına imkan verir. Bu sistemlər vətəndaşlara və ekspert icmasına hansı təşkilatların hansı layihələr üzrə maliyyə aldığını, layihələrin hansı nəticələr verdiyini izləmək imkanı yaradır. Belə şəffaflıq həm dövlət resurslarından istifadəyə ictimai nəzarəti artırır, həm də QHT-lərin fəaliyyət keyfiyyətini yüksəldir.
Azərbaycan bu təcrübədən bir neçə istiqamətdə faydalana bilər. İlk növbədə, rəqəmsal platformanın QHT sektorunun inkişafını ölçən analitik sistem kimi formalaşdırılması vacibdir. Layihələrin nəticələri, sosial təsiri və davamlılığı qiymətləndirilməli, maliyyələşmə mexanizmləri bu göstəricilər əsasında təkmilləşdirilməlidir. Bundan əlavə, platformanın istifadəsi bütün QHT-lər üçün əlçatan olmalı, xüsusilə regionlarda fəaliyyət göstərən təşkilatların rəqəmsal imkanlarının artırılmasına diqqət yetirilməlidir.
Ümumiyyətlə isə QHT-lərin dövlət maliyyələşməsi sahəsində vahid rəqəmsal ekosistemin yaradılması dövlət və vətəndaş cəmiyyəti arasında yeni əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm addımdır. Düzgün tətbiq ediləcəyi halda bu sistem maliyyə şəffaflığını artırmaqla yanaşı, QHT sektorunun peşəkarlığının yüksəlməsinə, ictimai təşəbbüslərin daha effektiv dəstəklənməsinə və dövlət-vətəndaş münasibətlərinin daha müasir əsaslar üzərində qurulmasına imkan verə bilər".

 

 

Səadət Əlizadə

#qht-lərin #xəbər #dövlət #azərbaycan #formalaşacaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər