00:00:00
Yazar
Elmira Ağayeva
27.04.2026 20:12 84 3 dəq oxuma
Siyasət

Qısa ömür, böyük miras: Azərbaycan Xalq Cümhuriyyəti

Qısa ömür, böyük miras: Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci il mayın 28-də elan edilib, Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC dövlət quruculuğu, təhsil, ordu və diplomatiya sahələrində mühüm islahatlar həyata keçirib. Qadınlara seçki hüququnun verilməsi, milli ordunun yaradılması və Bakı Dövlət Universitetinin açılması Cümhuriyyətin ən mühüm nailiyyətləri sırasında yer alır. 1920-ci ilin aprelində fəaliyyətinə son qoyulsa da, AXC Azərbaycanın müstəqillik ideyasının formalaşmasında həlledici rol oynayıb.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dövlətçilik tarixində mühüm mərhələdir:

 

“1918-ci ildə dünyada və Cənubi Qafqazda baş verən mürəkkəb hadisələr fonunda Azərbaycan xalqının belə bir iradə nümayiş etdirməsi yüksək dövlətçilik şüurunun göstəricisidir. Bu səbəbdən 1995-ci ildə Konstitusiya qəbul edilərkən müstəqil Azərbaycan dövləti AXC-nin varisi kimi müəyyənləşdirilib. Bu, tarixi mərhələlər arasında siyasi-hüquqi əlaqə yaradıb. Azərbaycan Respublikası bu gün də AXC-nin formalaşdırdığı demokratik prinsiplərə sadiqdir və bu dəyərlər indi də yaşadılır, inkişaf etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan dövlətinin ərazisinin beynəlxalq hüquq müstəvisində tanınmasına nail olub. Cümhuriyyəti quranlar qısa müddətdə bir sıra dövlətlərlə diplomatik münasibətlər quraraq XX əsrin əvvəllərində formalaşan beynəlxalq münasibətlər sistemində yer tutmağı bacarıb. Sonrakı sovet dövrü isə müstəqil Azərbaycan Respublikasının mövcudluğu üçün siyasi, coğrafi və milli-etnik zəmin formalaşdırıb”.

 

Müsahibin sözlərinə görə, Bakıda Cümhuriyyət qurucularının şərəfinə abidənin ucaldılması müstəqil Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin bu böyük siyasi-hüquqi irsə verdiyi dəyərin göstəricisidir:

 

“Bu gün də biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi olaraq onun dövlətçilik ənənələrini davam etdiririk. Lakin Cümhuriyyətin sonu “süqut” anlayışı ilə ifadə olunmamalıdır, çünki süqut öz-özünə baş verən prosesdir; Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Qızıl Ordu tərəfindən işğal edilib”.

 

 

Tarixçi Boran Əziz isə qeyd edir ki, Azərbaycan dövlətçilik tarixi qədim dövrlərə qədər uzansa da, Cümhuriyyətə qədər mövcud olan dövlətlərin heç biri “Azərbaycan” adını daşımamış və paytaxtı Bakı olmamışdır:

 

 

“ Tarixdə ilk dəfə bu ad dövlətə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları vasitəsilə verilib. Əvvəlki dövlətlər əsasən sülalə xarakterli olduğu halda, AXC müxtəlif bölgələrdən olan ziyalılar və milli düşüncəli sahibkarlar vasitəsilə qurulmuş parlamentli respublika idi. Bu respublika müsəlman-türk dünyasında ilk parlamentli respublika olmaqla, Azərbaycanı coğrafi anlayışdan beynəlxalq hüququn subyektinə çevirib. “Azərbaycan” adının seçilməsi ABŞ, Böyük Britaniya, Rusiya və İran kimi dövlətlərin etirazına səbəb olsa da, qurucular bu addımdan geri çəkilməmiş və tarixi faktlarla bu adın legitimliyini əsaslandırmışdılar”.

 

 

Tarixçinin sözlərinə görə, Cümhuriyyət qurucuları dövlət resurslarından şəxsi məqsədlər üçün istifadə etməyib, əksinə, öz imkanlarını respublikanın inkişafına sərf ediblər:

 

“Məsələn, Baş nazir Nəsib bəy Yusifbəyli Bakıda evi olmadığı üçün torpaq sahəsini hasarlamaq məqsədilə borc pul istəyib. Digər dövlət xadimləri də sadə həyat tərzi sürüb, dövlət vəsaitinə məsuliyyətlə yanaşıblar”.

 

Boran Əziz  “Cümhuriyyətə gedən yol” və “Cümhuriyyət uğrunda” kitablarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan ictimai-siyasi prosesləri, milli ziyalıların mübarizəsini və dövlətçilik ideyasının formalaşma mərhələlərini geniş şəkildə təhlil etdiyini bildirib.

 

Yekun olaraq qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu təcrübəsi bu gün də aktualdır və müstəqil Azərbaycan həmin siyasi irsi uğurla davam etdirir.

 

 

Mələk Hüseynova

#AXC #Azərbaycan #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər