00:00:00
Yazar
Nərmin Həşimova
22.05.2026 18:46 20 2 dəq oxuma
İqtisadiyyat

Qızıl “etibarlı liman” statusunu itirir?- Qiymətlər niyə ucuzlaşır?
 

Qızıl “etibarlı liman” statusunu itirir?- Qiymətlər niyə ucuzlaşır?

Son dövrlər dünya bazarında qızıl və gümüşün qiymətində enmə müşahidə olunur. Uzun illər investorlar üçün “təhlükəsiz liman” hesab edilən qiymətli metallara marağın azalması bazarlarda yeni suallar yaradıb.


Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, qızıl və gümüş qiymətlərindəki ucuzlaşmanın əsas səbəblərindən biri dünya iqtisadiyyatında faiz dərəcələrinin yüksəlməsidir:


“Xüsusilə, ABŞ Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti investorların istiqrazlar və depozitlər kimi daha gəlirli maliyyə alətlərinə yönəlməsinə səbəb olur. Qızıl və gümüş isə faiz gətirməyən aktivlər hesab edildiyi üçün yüksək faiz dövründə onlara maraq nisbətən azalır. Ucuzlaşmaya təsir edən digər amillər arasında dolların möhkəmlənməsi, qlobal inflyasiyanın müəyyən qədər zəifləməsi və bazarlarda risk iştahasının artması da var. İqtisadi sabitlik gözləntiləri yüksəldikcə investorlar daha çox səhmlərə və digər gəlirli investisiya alətlərinə üstünlük verirlər. Faiz dərəcələrinin artırılması qiymətli metallara marağı əsasən alternativ gəlir imkanlarının genişlənməsi səbəbindən azaldır. Bank faizləri və dövlət istiqrazlarının gəlirliliyi yüksəldikcə investorlar gəlir gətirməyən qızılı saxlamaqdansa daha çox qazanc vəd edən alətlərə yönəlirlər. Eyni zamanda yüksək faiz siyasəti dolların məzənnəsini gücləndirir ki, bu da qızılın qiymətinə əlavə təzyiq yaradır. Çünki qızıl beynəlxalq bazarda əsasən dollarla qiymətləndirilir və dollar bahalaşdıqca digər ölkələr üçün qızıl daha baha görünür. Hazırkı ucuzlaşmanın həm qısamüddətli dalğalanma, həm də müəyyən qədər uzunmüddətli tendensiyaya çevrilmə ehtimalı var. Əgər böyük mərkəzi banklar uzun müddət yüksək faiz siyasətini davam etdirsələr, qızıl və gümüş bazarında təzyiq davam edə bilər. Bununla yanaşı, geosiyasi risklər, müharibələr, iqtisadi böhran qorxuları və yüksək inflyasiya kimi amillər qiymətli metallara tələbi yenidən artıra bilər. Bu səbəbdən qızıl hələ də tam şəkildə “etibarlı liman” statusunu itirməyib, sadəcə investorların bazara münasibəti əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlı xarakter alıb”.


Cavahir Əsgərbəyli

#qızıl #enmə #gümüş #qiymət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər