Qlobal enerji bazarında risk: qiymətlər yüksəlir
Yaxın Şərqdə gərginliyin kəskinləşməsi, Amerika Birləşmiş Ştatları və İran arasında hərbi qarşıdurmanın genişlənməsi, eləcə də dünya neft tədarükünün strateji arteriyası sayılan Hörmüz boğazı ətrafında risklərin artması bazarlarda narahatlığı pik həddə çatdırıb. Bunun fonunda neft qiymətləri siyasi qərarların və hərbi risklərin diktə etdiyi yeni bir mərhələyə qədəm qoyub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, münaqişə uzandıqca qiymətlər və inflyasiya artır:
“Hazırda davam edən münaqişə və sülhlə bağlı razılığın kövrək olması, tam təsdiqlənməməsi dünya enerji bazarına ciddi mənfi təsirlər göstərir. Burada həm investorların ehtiyatlı davranması, digər tərəfdən isə neft ehtiyatlarının istehlakçılar tərəfindən artırılması neft məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur. Hesab edirik ki, münaqişə uzandıqca bu proses davam edəcək. Əlbəttə ki, dünya üzrə nəinki neft və digər istiqamətdə avtomobil daşınmaları, həm də kənd təsərrüfatı gübrələrinin daşınması da Hörmüz boğazı üzərindən keçdiyindən bu hal həm kənd təsərrüfatı sahəsində məhsul təminatına, həm də inkişaf etmiş ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərməyə başlayır. Hesab edirəm ki, bu qiymət artımı dünyada inflyasiyanı təhdid edir və müxtəlif istiqamətlərdə bahalaşmaya səbəb olacaq. Çünki yanacağın qiyməti artır, xüsusilə də aviadaşımaların qiymətində ciddi artım müşahidə edə bilərik, çünki avia yanacağın qiymətində artıq artım var. Həmçinin kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Əgər bu proses uzunmüddətli davam etsə, bu artımlar bir çox ölkələrin iqtisadiyyatında ciddi mənfi təsirlərlə müşahidə olunacaq. Nəticədə inflyasiya daha da yüksələcək”.
Arzu Poladova