00:00:00
Yazar
Admin User
24.08.2023 11:10 358 3 dəq oxuma
Dünya

Qlobal istiləşmə - HƏYƏCAN TƏBİLİ ÇALINIR

Qlobal istiləşmə - HƏYƏCAN TƏBİLİ ÇALINIR

İyul ayı dünyada 120 min ildə ən isti ay olaraq qeydə alınıb. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı ilə sıx əməkdaşlıq edən Avropanın “Copernicus” İqlim Dəyişiklikliyinə Nəzarət Xidmətinin direktor müavini Samanta Bercess məlumat verib. Fransalı mütəxəssislər isə yaxın 30 il ərzində Fransada da temperaturun 50 dərəcəyə yüksələcəyini bildiriblər. Çin, Hindistan və digər ölkələrə dair də göstəricilər açıqlanıb. Beləliklə Qlobal istiləşmə daha çox hiss olunur. Bəs fəsadları nələr olacaq? Mübarizə aparmaq mümkündürmü?


“Yaxın 30 il ərzində Fransada temperatur 50°C-yə qədər yüksələcək”. Fransa Tədqiqat və İnkişaf İnstitutunun iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimeux belə deyib. Mütəxəssis bildirib ki, yay mövsümü daha uzun olacaq və iyundan sentyabr ayına qədər istilik dalğaları daha sıx və uzun sürəcək. Bu il isə ötən illərə nisbətən Cənubi Amerika və Antarktidada temperatur daha yüksək olub. Şimal yarımkürəsindəki ölkələr, o cümlədən cənubi Avropada da isti dalğaları müşahidə olunub. Bu, qlobal istiləşmə ilə bağlı çağırışların artıq reallaşdığını göstərir. Artıq fəsadlar da üzə çıxır. Bloombergin yaydığı məlumata görə, temperaturun yüksəlməsi məhsullar, meyvə istehsalı və süd məhsulları ilə bağlı problemlər yaradır. Belə ki, Cənubi Avropa regionunda istilər inəklərin südveriminə, tərəvəz və dənli bitkilərin məhsuldarlığına mənfi təsir göstərir. Ümumdünya Meteorologiya Təşkilatı ilə sıx əməkdaşlıq edən Avropanın “Copernicus” İqlim Dəyişiklikliyinə Nəzarət Xidmətinin direktor müavini Samanta Bercessin sözlərinə görə, ötən ay son 120 min ildə ən isti ay olaraq qeydə alınıb:

 

“Təsdiq edirik ki, 2023-cü ilin iyul ayındakı orta qlobal temperatur bütün müşahidələr tarixində ən nəticə yüksək olub. Qiymətləndirmələrə görə, bu ay temperatur 1815-1900 dövrünün orta göstəricisindən, yəni sənaye dövründən əvvəlki dövrün səviyyəsindən təxminən 1,5 dərəcə yüksək olub. Bu cür artım həm insanlar, həm də şiddətli ekstremal hadisələrə məruz qalan planet üçün dəhşətli nəticələri olacaq”.

Bundan başqa Ümumdünya Meteorologiya Təşkilatının və Cenevrədəki tərəfdaşların birgə keçirdiyi mətbuat konfransında bildirilib ki, bu ilin aprel ayında qeyri-adi yüksək temperaturdan sonra qlobal dəniz səthinin temperaturu rekordları yenilənib. Nəticədə ötən ay okean səthinin temperaturu 1991-2020 ortalamasından təxminən 0,51 dərəcə isti olub. Aralıq dənizi, Karib dənizi və Qrenlandiyanın cənubundakı sularda isti dalğaları qeydə alınıb.


BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının İqlim Xidmətləri üzrə direktoru Kris Xyitt bildirib ki, uzunmüddətli istiləşmə tendensiyasının səbəbi atmosferdə rekord həddə çatan istixana qazlarının konsentrasiyasının artmasıdır: “Bu baxımdan həddindən artıq istilər sürpriz olmamalıdır. Bu hal elm adamlarının illərdir proqnozlaşdırdıqları ilə uyğundur”.

Bu cür davamlı yüksək temperatur əhalinin ən sağlam üzvlərini belə təhdid edir. Belə ki, isti hava şəraiti ABŞ-ın cənub-qərbindəki Arizona ştatının Feniks küçələrini yandırır. Bölgədə iyulda temperatur 43 dərəcə olub, Çin isə 35 dərəcəni keçən temperaturla mübarizə aparır. Hindistanda həddindən artıq istilər 150-dən çox insanın həyatına son qoyub. Ölkəmizə gəldikdə isə mövsüm başlayandan günvurma ilə əlaqədar Bakı şəhər təcili və təxirəsalınmaz tibb xidmətinə 121 müraciət daxil olub. 

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyir ki, onlardan 59 nəfər müxtəlif diaqnozlarla xəstəxanaya yerləşdirilib: “Digərlərinin vəziyyəti isə nisbətən yüngül olduğuna görə, həkimlərimiz tərəfindən yerində yardım göstərilib. Əgər insan açıq havada özünü qorumadan günəş şüuaları altında uzun müddət gəzərsə günvurma baş verə bilər. Əlamətlər: baş ağrısı, ürək bulanma, halsızlıq, bəzən huşun itməsinə qədər gəlib çıxarda bilər”.

Ölkəmizdə istilərin nə zamanadək davam edəcəyi məsələsinə gəldikdə isə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu növbəti günlərdə bəzi yerlərdə 30 dərəcəyə düşəcəyi ehtimal olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, avqust ayının birinci yarısı ilə müqayisədə havanın temperaturu bir qədər aşağı enərək bakıda və Abşeron yarmadasında 37 dərəcəyədək, Naxçıvan MR və Aran rayonlarında 38-39 dərəcəyədək, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olub.

Qeyd edək ki, mütəxəssislər zərurət yaranmadığı halda günün müəyyən saatlarında, yəni 11-12-dən, axşam 5-6-ya kimi mümkün qədər açıq havada gəzməməyi tövsiyə edirlər. Həkimlər bildirirlər ki, yaşlılar və uşaqlar buna xüsusilə diqqət etməlidir. Çünki, onlar günvurmaya daha çox məruz qalırlar.

 

Zeynəb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər