Qərb Rusiyaya strateji məğlubiyyət vermək istəyir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Rusiyaya strateji baxımdan məğlub etmək istəklərindən getdikcə daha çox danışırlar.
"İndi getdikcə daha tez-tez “Rusiyanın müstəmləkəsizləşdirilməsi”ndən, əslində isə Rusiya Federasiyasının parçalanmasından və bizə bədnam strateji məğlubiyyətin verilməsindən danışırlar”,- Putin bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Qərb və Rusiya arasında gərginliyin artacağı gözlənilir:
“Ukrayna ilə Rusiya müharibə etdiyi zamanda Qərblə Rusiya əsasən söz müharibəsinə davam edir. Məlumdur ki, Qərbin yaxın planında Rusiyanın parçalanması real görünmür. Lakin uzaq planda bu nəzərdə tutula bilər. Bununla yanaşı, gərginliyin artması və problemin həllinə doğru hələ ki, ciddi addımların atılmaması bu cür bəyanatların meydana gəlməsinə səbəb olur. Əgər Rusiya bu qənaətə gəlibsə ki, Qərb Federasiyanın parçalanmasını məqsəd qoyub, o zaman hələ sülhdən danışmaq çox çətindir. Qərbin isə öz məqsədləri üçün Ukraynanı qurban verməsi iddia olunur. Beləliklə, Rusiya və Qərb arasında münasibətlərin gərginləşəcəyi gözlənilir. Müharibənin əvvəlindən balansın pozulması hazırda durumu ağırlaşdırıb. Rusiya hədəfinin Avropa ölkələri olduğunu gizlətmir. Qərb isə Rusiyanın dayandırılması üçün atdığı addımlarda effekt əldə edə bilmir. Burada strategiyanın dəyişdirilməsinə ehtiyac var. Streteji məğlubiyyətin həyata keçməsi üçün Qərbin əməli addımları görünmür. Görünür, Rusiya Prezidenti sadəcə bunu bir ehtimal və qabaqlayıcı tədbir kimi ifadə edib. Buna baxmayaraq, Rusiya da öz müstəmləkəçilik siyasətinə və imperialist məqsədlərinə dəyişikliklər etməsə, təbiidir ki, məsələ hətta Rusiya-NATO savaşına qədər gedib çıxa bilər”.
Ekspert qeyd edib ki, bu məsələlər dünya birliyi tərəfindən qiymətləndirilməlidir:
“Rusiya nəinki daxilindəki respublikaları müstəmləkəsi altında saxlayır, hətta ətraf ölkələri də öz təsirində görmək istəyir, habelə Ukraynanın ərazilərini tutaraq qondarma respublikalar yaradır. Bu mənada Qərbə isnad edilən münasibət haqlıdır. Ancaq sözü gedən məsələ ətrafında müzakirələr və ciddi danışıqlar aparılmayıb. Odur ki, diplomatik kanallarla bu məqsədlərin dəqiqləşməsi zəruridir. Qərbin əsrlər boyu Rusiyanı parçalamağa nail olmaması yoxsa Qafqaz da daxil olmaqla Rusiya ətrafındakı ölkələrə qarşı müstəmləkə siyasəti aparılmasını dayandırması tələb olunub, bu dəqiqləşməlidir. Təbii ki, beynəlxalq siyasi institutlar və BMT də daxil olmaqla beynəlxalq təşkilatların bu məsələdə mövqeyi önəmlidir. Məsələn, Fələstin-İsrail məsələsində beynəlxalq təşkilatların, BMT-nin mövqeyi bəllidir, qətnaməsi var. Bu niyə tətbiq olunmur, o başqa məsələdir. Ancaq Rusiya ilə bağlı, onun müstəmləkə, yaxud işğal həyata keçirməsi ilə bağlı real ciddi beynəlxalq qərar yoxdur. Lazımdır ki, bu məsələlər artıq dünya birliyi tərəfindən qiymətləndirilsin. Əks halda, bu gərginlik nüvə dövləti olan Rusiyanın eynilə nüvə dövlətlərinin yerləşdiyi Qərblə müharibəsini reallaşdıra bilər ki, bu da bəşəriyyət üçün müsbət heç nə vəd etmir”.
Lalə Qurbanlı
