Qərb-Şərq qarşıdurması
Çərşənbə günü İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş paradda Çin öz hərbi gücünü göstərdi.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, artıq şərq bloku daha da güclənir:
"Bu güc mərkəzləri “Qərb” və “Şərq” bloku adlandırılır. Ona görə də Avropa, istəsə də istəməsə də, hələlik Atlantika blokunun təmsilçisi kimi ABŞ-yə yaxın mövqedə qalacaq. Bu qarşıdurma da yeni deyil. Trump hakimiyyətə gələndə tərəflər müəyyən razılaşmalara gəlmişdilər: Avropa İttifaqı əsasən Ukrayna–Rusiya cəbhəsinə fokuslanmalı, Rusiyaya qarşı səfərbər olunmalı, ABŞ isə Çinə qarşı mübarizənin konturlarını müəyyən etməli idi. Çox güman ki, həmin razılaşma hələ də qüvvədədir".
Politoloq eyni zamanda qeyd edir ki, Çinlə yaxınlaşan dövlətlərin Qərblə, xüsusilə ABŞ ilə münasibətləri gərginləşir:
"Bu baxımdan ABŞ həmin dövlətlərlə qarşıdurmaya girə bilər.
Məsələn, Hindistana bir müddət təzyiq göstərildi, tariflər qaldırıldı və nəticədə Hindistan Çinə bir qədər yaxınlaşdı. Amerika və Çin arasında rəqabətin güclənməsinin Azərbaycana təsirlərinə gəldikdə, Azərbaycan hər iki dövlətlə normal münasibətlər saxlayır. Lakin əgər bir gün seçim məcburiyyəti yaranarsa, mənim fikrimcə, Türkiyə və digər Türk dövlətləri ilə birgə qərar verməliyik. Ümumiyyətlə, Türk və müsəlman dünyasının bir güc mərkəzi kimi formalaşması daha düzgün yanaşma olar".
Bayramlı Zəri