00:00:00
Yazar
Admin User
25.07.2023 13:08 300 3 dəq oxuma
Dünya

Qərbi Ukrayna Polşaya birləşdiriləcək?

Qərbi Ukrayna Polşaya birləşdiriləcək?

Qərbi Ukraynanı qoparıb, Polşaya birləşdirmək istəyirlər. Belə bir iddia ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib. Onun fikrini Rusiyanın dövlət başçısı Vladimir Putin də dəstəkləyib. Müttəfiqlərin Polşa xəbərdarlığına isə Ukraynadan cavab gecikməyib. Rəsmi Kiyev bu iddiaları yalanlayıb. Bununla belə, vaxtilə Qərbi Ukraynanı işğal edən Polşanın 100 ildən sonra eyni addımı atıb-atmayacağı marağa səbəb olub.


Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putin ilə görüşü zamanı səsləndirdiyi iddialar xeyli diqqət çəkib. Minsk rəhbəri bildirib ki, Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynadan qoparılıb Polşaya birləşdiriləcək. Onun iddiasına görə, bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir.

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Rusiya Ukrayna ilə Polşa arasında münasibətləri korlaya bilməyəcək. Çünki Moskvadan fərqli olaraq, bu iki dövlət tarixdən ibrət dərsi alıb və həmişə rus imperializminə qarşı vahid cəbhə kimi çıxış edəcək. Əgər bu fikri ilk dəfə Rusiya və Belarus liderləri dilə gətirmiş olsaydılar, Kiyevdən verilən cavab fonunda əhəmiyyətsiz hesab etmək olardı.

 

Amma müxtəlif dövrlərdə hətta NATO səviyyəli rəsmilər belə Ukraynanın bölünməsinə işarə edərək bir sıra ssenarinin mümkünlüyünü açıqlayıb. Məsələn, NATO-nun sabiq baş katibi Rasmussen Ukraynanın hissə-hissə NATO-ya qəbulunu istisna etməyib. O, 1955-ci ildə Qərbi Almaniyanın alyansa daxil olmasını xatırladaraq bildirib ki, Qərbi Ukrayna da NATO-ya daxil ola bilər. Amma bəzi ekspertlər bu ssenarinin reallıqdan uzaq olduğunu hesab edirlər. Düşünürlər ki, Ukrayna ilə Polşa arasındakı bu təmaslar səhv anlaşılır.

 

Siyasi şərhçi Turab Rzayev deyir ki, bununla belə, Ukrayna ilə bağlı yeganə plan onun bir hissəsinin Poşaya birləşdirilməsi deyil. Belə ki, qərbin regionda “iki Koreya” konsepsiyasını həyata keçirməyə hazırlaşdığına dair də xəbələr var. Çünki rus ordusu üzərində tam şəkildə qələbə qazanmaq üçün NATO silahlarına malik 400 min mükəmməl təlim keçmiş əsgər lazımdır. Lakin indiki şərtlərdə bunu təmin etmək çətindir. Kiyev bu məsələdə qərbdən asılıdır, qoca qitənin siyasətçiləri də bunu bildiyindən, alternativ planlara əl atır. bu məqamda daha öncədən sınanmış iki Koreya ssenarisi daha zəmanətli hesab olunur. Plan icra olunarsa, Ukraynanın müəyyən hissəsi qərb nəzarətində və müdafiəsində olacaq, sonra həmin ərazidə, Kiyev Seul kimi inkişaf edəcək.


Siyasi analitik Devid İqnatiusun sözlərinə görə, Ukrayna ətrafında hadisələrin inkişafı Koreya ssenarisini mümkün edə bilər: “Yekun bir sülhün əldə olunması naminə bu sonluq reallaşa bilər. Koreya münaqişəsi də bu ölkənin iki yerə bölünməsi ilə nəticələnmişdi. Çünki tərəflərdən birinin tam hərbi qələbəsi heç bir halda mümkün deyildi. Ukrayna cəbhəsinə baxsaq, burada vəziyyət 70 il əvvəli xatırladır”.


Amma onu da xatırlatmaq lazımdır ki, 1953-cü ildə atəşkəslə başa çatan Koreya Müharibəsinin nəticəsində iki ölkə arasında silahsızlaşdırılmış zona yaradıldı. Lakin sonrakı illərdə heç bir rəsmi sülh müqaviləsi imzalanmadığından Koreya müharibəsi hələ də rəsmi olaraq bitməyib, savaş sadəcə olaraq dondurulmuş xarakter alıb. Rusiya-Ukrayna müharibəsini də bənzər sonun gözlədiyi istisna edilmir.

Jalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər