QƏRBİN GEOSİYASİ MÜHİTİ DƏYİŞİR
2022-ci ilin sentyabrında Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərinin partladılmasında bir sıra ölkələr bir-birilərini təqsirləndirməkdə davam edir. Ancaq indi şübhəlilər içərisinə Ukraynanın da daxil olması məsələnin gedişatını dəyişməyə başlayıb. Kiyevin diversant hücumunda əlinin ola biləcəyinə dair Almaniya mediasına kəşfiyyat məlumatları sızıb. Təxribatda Ukrayna rəsmiləri də daxil olmaqla bir sıra qitə ölkələrinin adları da yer alıb.
Əvvəl ABŞ, indi də Almaniya KİV-i Kremlin iddialarını dəstəkləyəcək nəticə əldə edib. Araşdırmalarda 2022-ci ildə Baltik dənizində "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərinin partladılmasına dair izlər Ukraynaya aparır. İddialara görə, sözügedən kəmərləri Ukrayna diversantları partladıb. Lakin bu versiyanı iddia adlandırmaq olduqca çətindir. Belə ki, araşdırmaçılar məsələ ilə bağlı əsaslı sübutlarla çıxış edirlər. İlkin ehtimallar onu göstərir ki, hücum əməliyyatı Almaniyanın "Mola Yachting" şirkətindən icarəyə götürülən "Andromeda" yaxtasının dalğıcları və partlayıcılar qrupu vasitəsi ilə həyata keçirilib. İstintaqçılar yaxtanın üzərində HMX partlayıcısının izlərini tapıb ki, bu da hadisə yerində aşkarlananın eynisidir. Araşdırmaçılar hətta 2022-ci ilin yayında Almaniya, Niderland və Amerika Mərkəzi Kəşfiyyat İdarəsi arasında gedən yazışmaları əldə etdiklərini və nəticələrdə ona istinad edildiyini deyirlər. Yazışmalara dayanan iddialar isə olduqca maraqlıdır. Məlumatlar cinayəti törətdikləri iddia edilən şəxslərin hücumdan əvvəl Ukraynada olduqlarını və təxribatı orada təşkil etdiklərini göstərir. Əməliyyatı uğurla icra edən təxribatçılar daha sonra yenidən Ukraynaya qayıdıblar. Təxribatla bağlı xəbərdarlığın yer aldığı sənəddə partlayış əməliyyatına birbaşa Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın rəhbərlik etdiyi də qeyd olunub. Məlumatlara görə, hətta təxribat qrupunun 6 üzvündən birinin şəxsiyyəti də müəyyənləşdirilib. "Andromeda" yaxtasında olan DNT izləri ilə aydın edilən həmin şəxs Dnepr şəhərindən olan Ukraynanın 93-cü Mexanikləşdirilmiş Silahlı Qüvvələrinin hərbçisi Valeri K.-dır. Lakin, təkcə laboratoriya araşdırmaları deyil, sözügedən yaxtanın icarəsi zamanı təqdim olunan sənəd də Valerinin təxribatçılardan biri olduğunu sübut edir. 2022-ci il sentyabrın 6-da Rügendə icarəyə götürülən "Andromeda"-nın təhvili zamanı provayderə Rumıniya pasportu təqdim edilib ki, sənəddə ad "Stefan Marcu" olsa da, şəkil Valeriyə məxsus olub. Sadə dillə desək "Andromeda" yelkənli yaxta saxta pasportla icarəyə götürülüb. Araşdırmaçılar pasportun seriya nömrəsindən yola çıxaraq Stefan Marcunu da tapıblar. Aydın olub ki, Moldovada yaşayan Marcun hadisə zamanı xaricdə olmayıb. “2022-ci ilin sentyabrında Moldovada idim və işləyirdim. Mən “Şimal axını”nın partlaması barədə mətbuatdan, televiziyadan öyrəndim. Təxribat zamanı ölkədən kənarda olmamışam. Pasportumda olan şəxsi məlumatlarımı Şimal axını təxribatçıları oğurlayıb. Amma bununla bağlı hələ heç bir aydiyyəti orqan mənlə əlaqə saxlamayıb”.
Müstəntiqlər qruplaşmanın Kiyevin göstərişi ilə hərəkət edib-etmədiyini, bu halda əmri kimin verdiyini, yoxsa təxribatı özbaşına planlaşdırdığını müəyyən edə bilmədiklərini qeyd edirlər. Siyasi şərhçi Turab Rzayev deyir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin təxribatla əlaqəsinin olmadığını deyən almaniyalı araşdırmaçılar kəşfiyyatçıların əvvəlcədən Almaniya hökumətinə xəbərdarlıq etdiyini, rəsmilərin isə lazımi diqqət yetirmədiyini iddia edirlər. “Açığı mən Ukraynanın özünün bu cür hücum həyata keçirəcəyini düşünmürəm.Onun bu cür texnoloji imkanları yoxdur. Bu, Ukraynanın adına edilə bilər. Amma böük ehtimalla bunu Ukraynanın müttəfiqləri edib. Yəni Ukrayna kəşfiyyatı deyil də, müttəfiqlərinin kəşfiyyatı bunu onun adına ediblər”.
Son araşdırmalar Rusiyanın kəmərlərə qarşı "yalançı bayraq" əməliyyatı versiyalarını suya düşürür. Belə ki, "Şimal axını" qaz kəmərlərində olan təxrtibatda bir sıra ölkələrlə yanaşı, elə Rusiya da əsas şübhəlilər arasında idi. Qərb ölkələri Kremlin bilərəkdən magistral kəmərləri partlatdığını iddia edirdi ki, araşdırmalar zamanı təxribatda Rusiyanın “yalançı bayraq” hərəkətinə dair heç bir əlamət tapılmadı. Almaniya kəşfiyyatı Rusiyanın bu işdə əlinin olmayacağını desə belə, digər dövlətlər hələ də bu cür bir əməliyyatı mükəmməl şəkildə yerinə yetirmək və hədəfi Kiyev göstərməyi tamamilə rus üslubu hesab edirlər. İstintaqla bağlı digər maraqlı nüans isə təxribatçılara dair izlərin bir qolunun da Polşaya qədər uzanmasıdır.Almaniya müstəntiqləri təxribat qrupunun Polşadan əməliyyat bazası kimi istifadə etdiyini göstərən sübutlar əldə ediblər.Məlumata görə, hücumda istifadə olunan və müstəntiqlərin izlədiyi yelkənli yaxta Polşa ərazi sularına daxil olub. Polşanın təxribatçılar üçün maddi-texniki və maliyyə mərkəzi rolunu oynadığına dair əlamətlər də aşkarlanıb. İddiaları təkzib edən Varşava isə qrup ilə heç bir əlaqənin olmadığını açıqlayıb.
Araşdırmaçıların dəqiq nəticələr əldə edə bilməməsinin səbəbi isə Rusiya-Ukrayna müharibəsinin davam etməsidir. Federal hökumət mövcud vəziyyətdə Kiyevdən hüquqi yardım istəməkdən çəkinir. Prezident Volodimir Zelenski isə Ukraynanın diversiya hücumunda əli olduğuna dair iddiaları təkzib edib.Buna baxmayaraq, istintaqı davam etdirən Berlin Kiyevə etibar etmir. Hazırda araşdırmalar Federal Prokurorluğun müstəntiqləri vasitəsi ilə həyata keçirilir. Kansler indiyə qədər mediaya sızmış nəticələr barədə danışmaqdan boyun qaçırsa da, Ukrayna əleyhinə dəlillər artdıqca Olaf Şoltsa rəsmi mövqe tutması üçün təzyiqlər edilir. Araşdırmalara dair son nəticənin müharibədən sonraya saxlanıldığı iddiaları da əsas fikirlərdən biridir. Çünki Federal hökumət bu cür təxribatı təkcə Rusiyaya deyil,eyni zamanda ölkəsinə yönəlmiş təhdid hesab edir. Bir sözlə, Ukraynanın hücum təşkilatçısı olduğu və deyildiyi kimi bir sıra avropa ölkələrinin diversiya hücumuna dəstək verməsi sübut olunarsa, Qərbdə geosiyasi mühit tamamilə dəyişə bilər.
İSMAYIL