Qriqoryan və ABŞ səfiri Vaşinqton razılaşmalarını müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin İrəvandakı səfiri Kristina Kvinlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmaları müzakirə edib.Görüşdə tərəflər həmçinin Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin gündəliyini və onların inkişafı ilə bağlı gələcək addımları müzakirə ediblər.
Bu məsələ ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ vasitəçiliyi ilə aparılan danışıqlar sülh prosesində əsas istiqamətlərdən birinə çevrilib :
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfiri Kristina Kvinlə görüşündə əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar olub. Bu fakt bir daha göstərir ki, ABŞ vasitəçiliyi ilə aparılan danışıqlar sülh prosesində əsas istiqamətlərdən birinə çevrilib. Məsələnin İrəvan səviyyəsində müzakirəsi isə rəsmi Yerevanın bu razılaşmaları öz siyasi gündəliyinə daxil etdiyini nümayiş etdirir.
Vaşinqton razılaşmaları Azərbaycan və Ermənistan arasında sülh prosesinin hüquqi və diplomatik əsaslarını möhkəmləndirir. Əsas hədəf iki dövlət arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı ərazi bütövlüyünün tanınması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prinsipial razılıqların əldə edilməsidir. Bununla yanaşı, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və qarşıdurma risklərinin azaldılması istiqamətində də konkret maddələr gündəmdədir.
Beləliklə, bu razılaşmalar sülh prosesinə müsbət təsir göstərmək potensialına malikdir. Əgər tərəflər bu prinsipləri ardıcıl şəkildə həyata keçirsələr, uzun illərdir davam edən münaqişənin diplomatik yolla həllində mühüm dönüş nöqtəsi yarana bilər. ABŞ-nin iştirakı isə prosesin beynəlxalq zəmanət mexanizmləri ilə dəstəklənməsini təmin edir ki, bu da əldə olunan nəticələrin davamlılığını artırır".
Xədicə Məhərrəmli