Qətər öz ərazisinə zərbə endirməyə icazə verib
Qətər ABŞ-nin xahişi ilə İsrailin onun ərazisinə zərbə endirməsinə qəsdən icazə verib.Bu barədə rusyalı jurnalist Aleksandr Kotz qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin Qətərdə yerləşən hava hücumundan müdafiə sistemlərinin heç bir raketi vurmayıb və hətta Qətərin Hərbi Hava Qüvvələri də raketləri məhv etməyə cəhd etməyib.
“Sadə həqiqət. Xəbərlərə görə, HƏMAS liderinin oğlu həlak olub, buna baxmayaraq Doha həm də fələstinliləri xəbərdar etməyib. ABŞ Prezidenti Donald Tramp yaxşı inandırmağı bacarır”.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az” a açıqlamasında bildirib ki, İsrailin Qətərə hücumu zamanı Qətərə və ya ABŞ-yə məxsus hava hücumundan müdafiə sistemlərinin işə düşməməsinin bir neçə səbəbi ola bilər:
“Ona görə də bunu təkcə bilərəkdən işə düşməmək kimi izah etmək və Qətərin öz ərazisinin vurulmasına icazə verməsi kimi başa düşmək, məncə, bir qədər məntiqli olmayan izahdır. Amma belə bir ehtimalı da tamamilə istisna etmək olmaz.
Məsələ ondadır ki, hava hücumundan müdafiə sistemləri yalnız aktivləşdirildikləri zaman müdafiə funksiyasını yerinə yetirə bilirlər. Əks halda, yəni pasiv rejimdə olduqda, onların hər hansı bir reaksiyası olmur. Ona görə də ilk növbədə texniki məsələlər aydınlaşdırılmalıdır. Bunu öyrənmək, əlbəttə ki, bizim üçün çətindir”.
Hikmət Babaoğlu qeyd edib ki, digər tərəfdən, Birləşmiş Ştatların Qətərə təzyiq göstərməsi və ondan xahiş etməsi də nəzəri baxımdan mümkündür:
“Amma hazırkı diplomatiya çərçivəsində bu, çox qeyri-adi bir hadisə olardı. Çünki əgər bir ölkə öz ərazisinin vurulmasına razılıq verirsə və bunu diplomatik yollarla həll edirsə, demək, artıq bu diplomatiya bizim düşündüyümüz diplomatiya deyil – tamamilə fərqli bir hadisədir.
Üstəlik, bu prosesdəki rolla bağlı biz daha çox hansı mənbəyə inanmalıyıq sualı ortaya çıxır. Rusiyalı jurnalistlərin versiyasına, yoxsa ABŞ-nin prezidenti Donald Trampın dediklərinə? Tramp açıq şəkildə bildirib ki, “burada bizim heç bir rolumuz olmayıb, bizim xəbərimiz olmayıb”. Əgər həqiqətən də ABŞ-nin xəbəri olmasaydı, bu məsələ ilə bağlı Prezidentin bəyanat verməsinə ehtiyac qalmazdı. Amma o, bəyanat veribsə, demək, burada da bir həqiqət elementi axtarmağa dəyər”.
Politoloq son olaraq açıqlamasına əlavə edib ki, üçüncü versiya isə Qətərin Fələstinliləri xəbərdar etməməsi ilə bağlıdır:
“Burada da qaranlıq məqamlar var: Qətər hakimiyyət dairələrinin məlumatı olubmu, HƏMAS nümayəndələri məlumatlandırılıbmı, yoxsa ümumiyyətlə məlumat olmayıb? Bu məsələdə informasiya çatışmazlığı var. Ona görə də hadisəni analiz edib dəqiq nəticə çıxarmaq mümkün deyil.Üstəlik, hadisə ətrafında informasiya xaosu yaradılır. Belə olduqda, məsələnin mahiyyətini məntiqi baxımdan izah etmək daha da çətinləşir.
Buna görə də mən düşünürəm ki, yalnız daha etibarlı mənbələrdən dəqiq məlumat əldə edildikdən sonra bu məsələ ilə bağlı dəqiq fikir söyləmək olar. Ancaq belə məlumatların yaxın perspektivdə əldə ediləcəyi də inandırıcı görünmür. Çünki bu cür məsələlər diplomatiyanın və siyasətin dərin qatlarında, qaranlıq künclərində qalır”.
Ləman Mahmudlu