QURANIN YANDIRILMASI NİYƏ ADƏT HALINI ALIR?
Quranın yandırılması İsveçin NATO-ya üzv olmasına mane ola bilər. Hakimiyyət niyə radikalların qarşısını ala bilmir? 2023-cü ilin yanvarında danimarkalı sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb, bir neçə gün sonra isə Danimarkada məscidin qarşısında eyni hal təkrarlanıb. Təkcə yerli hakimiyyət orqanlarının icazəsi ilə deyil, həm də polisin himayəsi altında həyata keçirilən hər iki aksiya müsəlman ölkələrində son dərəcə mənfi reaksiyaya səbəb olub. Hətta Türkiyə İsveçin NATO-ya üzvlük müraciətini əngəlləməklə hədələyib.
Lakin Paludan nümunəsi yoluxucu oldu: sonrakı aylarda belə hərəkətlər Danimarka və İsveçdə dəfələrlə təkrarlandı. Bu hadisələr təkcə Yaxın Şərqi deyil, həm də İsveçin böyük müsəlman icmasını ayağa qaldırdı. Baş verənlər o həddə çatdı ki, baş nazir Ulf Kristersson ölkədəki vəziyyəti İkinci Dünya Müharibəsindən bəri ən təhlükəli hal adlandırdı. Hazırda İsveçin NATO-ya üzvlük yolunda əngəl olan bu məsələni ətraflı araşdırmaqda fayda var. Quran yandırma dalğası niyə İsveçdə başladı? Söz və ifadə azadlığı bu cür hərəkətlərin hüquqi əsası kimi təqdim olunmağa başladı. İsveç qanunları əslində heç bir müqəddəs kitabın yandırılmasını qadağan etmir - təkcə Quranın deyil. Ancaq təbii ki, hər şey daha mürəkkəbdir. İndi İsveçin hər beşinci sakini ya xaricdə doğulub, ya da valideynləri başqa ölkələrdən gəliblər - bu, kifayət qədər yüksək rəqəmdir. İsveçdə multikulturalizm ideyası getdikcə daha az populyarlaşır. Digər tərəfdən, siyasi isteblişment verilmiş partiya xəttindən hansısa şəkildə kənara çıxa bilmir. Bundan başqa siyasətçilər və fəallar da istifadə edirlər. Bundan əlavə, İsveç kimi ölkələrdə liberalizm ideyalarının necə transformasiya edildiyinə nəzər salsaq görərik ki, onlar üçün ənənəvi din bir növ düşmənə və barışmaz rəqibə çevrilib.
Niyə İsveç hakimiyyəti əvvəlcə Quranın yandırılmasına icazə verir, sonra isə bu hərəkətləri açıq şəkildə pisləyir? Ekspert Qreqori Simons bu suala belə cavab verib: "Bir tərəfdən İsveç rəsmiləri deyirlər: qanuna görə Quranı yandırmaq olar, ona görə də hüquqi baxımdan hər şey qaydasındadır. Sonra dərhal əlavə edirlər: lakin biz, əlbəttə ki, bunu qəbul etmirik, çünki bu cür hərəkətlər digər fundamental dəyərlərimizə ziddir, nifrət və zorakılığı təbliğ edir".
Şübhəsiz bu cür davranışlar İsveçin geosiyasi mövqeyinə zərər vurub, xüsusilə də müsəlman ölkələri arasında. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr İsveçə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Ən sərt mövqe isə Türkiyəyə məxsusdur. Türkiyə parlamenti hələ ki, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyib. İsveç hakimiyyətini qanunlara yenidən baxmağa vadar edən alyansa üzv olmamaq qorxusudur. Stokholmda başa düşürlər ki, onların taleyi Türkiyənin əlindədir. Rəsmi Ankara İsveçi Quranın yandırılmasına görə hesaba çəkmək istəyən bütün İslam dünyasının dəstəyini alıb.
BƏNÖVŞƏ
