Quterreş “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif olunub
Türkiyədə səfərdə olan BMT Baş katibi Antonio Quterreş “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görülüb. Mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Quterreş regional sabitliyə töhfələrə görə Türkiyəyə təşəkkür edib.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, sanki BMT baş katibinə bir daha xatırlatmadır:
“Bir zamanlar Türkiyə beynəlxalq siyasətdə heç bir addımını Amerika Birləşmiş Ştatları və NATO ilə razılaşdırmadan atmırdı. Bu gün isə artıq Türkiyə dünyanın ən müstəqil xarici siyasət yürüdən dövlətlərindən birinə çevrilib və bunu hamı, ilk növbədə Amerika Birləşmiş Ştatlarının prezidenti etiraf eləyib. Türkiyə artıq regional gücdür və onunla hamı hesablaşır. Türkiyə həm Yaxın Şərqdə, həm Qafqazda, həm Qaradəniz bölgəsində, həm Mərkəzi Asiyada müstəqil siyasət yürüdür. Heç kimlə hesablaşmadan, heç kimin göstərişlərini yerinə yetirmədən zəruri saydığı addımları atır. 44 günlük müharibə və ondan sonrakı dövrdə də Türkiyənin göstərdiyi dəyanətli mövqe buna bariz sübutdur. BMT baş katibi Quterreşə "Atatürk Sülh Mükafatı"nın verilməsi BMT-nin dünyada oynamalı olduğu və oynadığı rolu bir daha xatırlatmaq xarakteri daşıyır. Hamıya məlumdur ki, BMT nüfuzunu tamamilə itirib, demək olar ki, heç nəyə müdaxilə etməyən, heç bir münaqişənin həllində aparıcı rol oynamayan bir quruma çevrilib. İslahatların zəruriliyi barədə demək olar ki, hamı danışır və bu mükafat sanki BMT baş katibinə bir daha xatırlatmadır. BMT-nin əsas işi münaqişələrin həllində aktiv şəkildə iştirak etmək, sülhün təmin olunmasında və qorunmasında aparıcı rol oynamaqdır. Və BMT baş katibi də artıq müddətinin başa çatdığı bir dövrdə bu mükafata layiq görülürsə, bu daha çox bundan sonra gələcək, seçiləcək BMT baş katibinə mesajdır. Bu cür davam etmək olmaz. BMT fəal olmalıdı, BMT-nin rolu artmalıdı və BMT-də islahatlar istiqamətində qətiyyətli addımlar atılmalıdır”.
Aydan Əsgərxanlı