Qəzza ilə bağlı sövdələşməyə yaxınıq
ABŞ Prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib ki, Qəzza zolağında münaqişənin həlli ilə bağlı razılaşmaların tezliklə əldə ediləcəyinə inanıram.
“Düşünürəm ki, biz hansısa sövdələşməyə yaxınlaşırıq”,- Amerika lideri bildirib.
O əlavə edib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində regiondakı vəziyyəti müzakirə etmək üçün bir sıra ölkələrin liderləri ilə əla görüş keçirib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, vəziyyət Yaxın Şərqdə getdikcə daha böyük miqyas alır:
“Artıq iki il olur ki, İsrail-HƏMAS müharibəsi başlayır. Sonra bu müharibə böyüyür, həm Hizbullahı, həm husiləri, həm “HƏMAS”çıları israillilər məhv edir. İndi də Qəzzada sözün əsl mənasında qətliam törədirlər. Qəzzada Netenyahu yerüstü əməliyyatlar keçirir və oranın əhalisini də köçürmək istəyir. Artıq 550 mindən artıq fələstinli Qəzzadan köçürülüb. Yəni oralar darmadağın edilir. 13-cü əsrə aid olan məscid darmadağın edilib və bu da, təbii ki, bütün İslam ölkələrini, müsəlmanları narazı salır. Ümumiyyətlə, həm də Avropa ölkələrini də İsrailə qarşı qaldırır. Hətta Fransa, İspaniya, Portuqaliya, Niderland, Böyük Britaniya İsrailə qarşı sanksiya tətbiq olunmasını tələb edirlər. Avropa İttifaqı İsrailə göstərdiyi yardımları dayandırır və onlara qarşı artıq sanksiya tətbiq etmək haqqında plan qururlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vaşinqtona səfəri öncəsi Netanyahu ilə apardığı siyasəti Hitler siyasətinə bənzədib və Birləşmiş Millətlər Təşkilatının Assambleyasında çıxış edərək bir daha bu qətliam haqqında dünya ölkələrinə məlumat verib və bunun qətiyyətlə dayandırılmasını tələb edib. Eyni zamanda bildiyimiz kimi, İsrailin Qətərin paytaxtı Dohaya sentyabrın 10-da raket zərbəsi endirməsi də müsəlman ölkələrini çox pis vəziyyətə gətirib və onlar sentyabrın 15-də Dohada yığışaraq birgə bəyanat qəbul ediblər. Əgər belə bir hadisə təkrarlanarsa, bütün müsəlman ölkələri birləşib İsrailə qarşı mübarizə aparacaqlarını bildiriblər. Yəni, vəziyyət Yaxın Şərqdə getdikcə daha böyük miqyas alır, daha da alovlanır. Bu da, təbii ki, həm də Amerikanın bu sahədə İsraili dəstəkləməsi kimi görünür. Ona görə də Trampa bu haqda çox ciddi suallar olub. Bəli, Tramp da artıq bildirib ki, İordan çayının qərb sahilini İsrailin qəsb etməsinə icazə verməyəcək. Həm də o qeyd edib ki, Yaxın Şərq liderləri ilə və Netenyahu ilə danışıb, vəziyyəti düzəltməyə çalışırlar, vəziyyət doğrudan da pisdir”.
Politoloq qeyd edib ki, müharibədən sonra Qəzza zolağının keçid dövrünə Böyük Britaniyanın keçmiş baş naziri rəhbərlik edə bilər:
“Eyni zamanda deyilir ki, artıq müharibədən sonra Qəzza zolağının keçid dövrünə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr rəhbərlik edə bilər və bildirilir ki, Toni Bleyr artıq orada görüləcək işlərin planlarını cızır. Yəni bunlar hamısı, doğrudan da, çox normal məsələlərdir. Həm də onu da deməyi vacib bilirəm ki, BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında bir çox ölkələr, o cümlədən Fransa Prezidenti Makron tribunadan bildirib ki, biz Fələstini dövlət kimi tanıyırıq və bir çox ölkələr tanıdığını bəyan edir. Ancaq, təbii ki, ilk növbədə orada gedən müharibəni dayandırmaq lazımdır. Bunun üçün də bir çox məsələlər həll olunmalıdır. Yəni Trampın tələb etdiyi kimi orada girovlar hamısı azad olunmalıdır. HƏMAS oradan çəkilməlidir, müharibə dayanmalıdır və təbii ki, o zaman İsrail də bu müharibəni dayandıra bilər. Hesab edirəm ki, yaxın zamanlarda mütləq Yaxın Şərqdə İsrail-Fələstin müharibəsi dayandırılacaq. Çünki əks halda bu müharibə daha da böyüyə bilər, daha böyük ərazini əhatə edə bilər və bu da, təbii ki, hər bir ölkə üçün çox ziyanlı bir məsələdir. Düşünürəm ki, bu razılaşma əldə olunacaq və Yaxın Şərqdə də güc balansı dəyişəsi deyil. Yəni artıq İsrail orada özünün çox güclü bir dövlət olduğunu təsdiq edib. Çünki Yaxın Şərq ölkələrinin bir neçəsinə hücumlar edib. Onların ərazilərini bombalayıb, ancaq ona qarşı hələ heç nə edə bilməyiblər. Çünki bu müsəlman ölkələrində birlik yoxdur. Vahid birlik yoxdur ki, İsrailə qarşı mübarizə aparsınlar. Ona görə də həm Avropa, həm Amerika insanları, o cümlədən beynəlxalq bəşəriyyət Qəzzada törədilən bu qətliamların təcili dayandırılmasını, sülhün əldə edilməsini istəyirlər. Hesab edirəm ki, bu da yaxın zamanlarda əldə olunacaq”.
Lalə Qurbanlı
