Qəzzada Gillian-Barre sindromunun 95 yeni halı qeydə alınıb
İsrailin Qəzza zolağında yaşayan əhaliyə qarşı həyata keçirdiyi blokada, suyun çirkləndirilməsi və aclığın məqsədli şəkildə yaradılmasını əhatə edən soyqırımı siyasəti nəticəsində anklavda nadir və təhlükəli bir xəstəlik – Gillian-Barre sindromu (iflicin bir forması) sürətlə yayılmağa başlayıb. Bu barədə Qəzza sektorundakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş məlumat verib.
Onun sözlərinə görə, 95 yeni hal qeydə alınıb, o cümlədən 15 yaşdan kiçik iki uşaqda. Əl-Burş qeyd edib ki, xəstələnənlərin 45-i uşaqdır və bu, ciddi artımdır – çünki əvvəlki illərdə Qəzzada bu sindrom üzrə ildə cəmi bir hal qeydə alınırdı.
Əl-Burş izah edib ki, bu xəstəlik bədənin aşağı ətraflarında əzələ nəzarətinin itməsi ilə başlayır və tənəffüs çatışmazlığına, hətta ölümə səbəb ola bilər. O, xəstələrin sayının artmasını İsrailin tətbiq etdiyi blokada, dərman və ərzaq çatışmazlığı, suyun çirkliliyi və xroniki qidalanma çatışmazlığı ilə əlaqələndirib.
Anadolu Agency
Ayan Əsgərova