Qəzzada təkcə bu il qidalanma çatışmazlığı səbəbindən 206 nəfər ölüb
Dünya Səhiyyə Təşkilatının (DST) Fələstin nümayəndəsi Rik Peeperkorn, DST tərəfindən təsdiqləndiyi kimi, yalnız 2025-ci ildə qidalanma çatışmazlığının təsirləri nəticəsində 206 nəfərin həyatını itirdiyini bildirərək, “Bu, insan tərəfindən yaradılmış bir böhrandır və mütləq aradan qaldırılmalıdır”, – deyə xəbərdarlıq edib.
Peeperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı açıqlama verib.
O, BMT-nin dəstəklədiyi müşahidə qurumu olan İnteqrə edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) hesabatına əsasən, 15 avqust tarixinədək Qəzza şəhərində aclığın rəsmi olaraq təsdiqləndiyini xatırladaraq deyib:
“Yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə xarakterizə olunan fəlakətli şəraitlə üz-üzədir. Bu, Yaxın Şərq regionunda aclığın rəsmi olaraq təsdiqləndiyi ilk haldır”.
Peeperkorn Qəzzada kəskin qidalanma çatışmazlığının sürətlə pisləşməyə davam edəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdıraraq bildirib:
“DST tərəfindən təsdiqləndiyi kimi, yalnız 2025-ci ildə qidalanma çatışmazlığının təsirləri səbəbindən 206 nəfər həyatını itirib. 2026-cı ilin iyun ayına olan IPC təhlilinə görə, 5 yaşadək ən azı 132 min uşaq kəskin qidalanma çatışmazlığı səbəbindən ölüm riski altındadır. Bu rəqəm 2025-ci ilin may ayında IPC tərəfindən açıqlanan proqnozlarla müqayisədə iki dəfə çoxdur”.
Aclığın Qəzza zolağının digər bölgələrini də bürüdükdə vəziyyətin sürətlə ağırlaşacağına diqqət çəkən Peeperkorn vurğulayıb:
“Bu, insan tərəfindən yaradılmış bir böhrandır və mütləq aradan qaldırılmalıdır. Hərəkətə keçməyin vaxtıdır – nə gecikmədən, nə də bəhanələrə baş vurmadan”.
O, Qəzzada təcili və daimi atəşkəsin təmin edilməsinin vacibliyini qeyd edərək, bütün qəzzəlilərə genişmiqyaslı yardımın maneəsiz şəkildə çatdırılmasının zəruriliyini vurğulayıb.
TRT XƏBƏR
Lalə Qurbanlı