“Qəzzadakı soyqırıma ortaq olmayacağıq”
İsrail ordusuna çağırılan Ayana Gertmann və Yuval Peleg, Qəzzada baş verənləri “soyqırımı” adlandıraraq orduya getməkdən imtina ediblər. Onlar Tel HaŞomer hərbi bazasına gələrək rəsmən imtina etdiklərini bildiriblər və bu səbəbdən hərbi həbsə göndəriləcəklər.
Bazanın qarşısında keçirilən dəstək aksiyasında “Müharibəni rədd et, sülhü dəstəklə”, “Soyqırımı dayandırın” kimi şüarlar səsləndirilib. Lakin ətrafdakı insanlar tərəfindən etirazçılara qarşı fiziki və sözlü hücumlar olub.
Ayana Gertmann bildirib ki, işğal altında olan torpaqlarda baş verənlərə ortaq olmaq istəmir və bu səbəbdən həbsə düşəcəyini bilsə də qərarını dəyişməyəcək. O, israillilərin fələstinlilərin vəziyyətini görməli və anlamalı olduqlarını bildirib.
Yuval Peleg isə İsrail ordusunun Qəzzada soyqırımı həyata keçirdiyini, bunun qarşısında susmamaq lazım gəldiyini deyib. Onun sözlərinə görə, bu qərara görə insanlar onu xəyanətkar adlandırır, amma uşaqların aclıqdan ölməsinə göz yumanların onun mənəviyyatı barədə nə düşündükləri önəmli deyil. O, israillilərə bu orduya niyə qoşulmamalı olduqlarını düşünməyi tövsiyə edib.
Anadolu Agentliyi
Billurə Quliyeva