00:00:00
Yazar
Admin User
20.09.2025 16:23 164 2 dəq oxuma
Dünya

Ər-Riyad ABŞ-yə etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır

Ər-Riyad ABŞ-yə etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır

Səudiyyə Ərəbistanı artıq ABŞ-yə təhlükəsizlik sahəsində tam güvənməyə hazır deyil və yeni strateji tərəfdaşlıqlar qurmaq imkanlarını araşdırır.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı çox yaxşı başa düşür ki, ABŞ-nin Yaxın Şərqdə ən yaxın və etibarlı tərəfdaşı İsraildir və İsrail istənilən an Səudiyyə Ərəbistanına zərbə endirə bilər:

 

"Səudiyyə Ərəbistanı ilə ABŞ arasında strateji müttəfiqlik müqaviləsi mövcuddur. Yəni bu iki ölkə NATO-dan kənar strateji əməkdaşlıq əsasında, xüsusən Yaxın Şərqdə və ərəb dünyasında bir-birini əsas müttəfiq kimi qəbul edir. İki dövlət arasında ciddi siyasi münasibətlər və geniş ticarət dövriyyəsi var. Bu əməkdaşlığa sənaye, neft məhsulları və hərbi sənaye sahəsində bağlanmış müqavilələr də daxildir. Respublikaçı Donald Trampla Səudiyyə kral ailəsi arasında daha yaxın münasibətlər mövcud olub. Lakin son zamanlar bu münasibətlərdə gərginlik müşahidə olunur. ABŞ-nin 47-ci prezidenti Trampın ikinci seçki dövründən sonra etdiyi ilk xarici səfəri də məhz Səudiyyə Ərəbistanına olub. Buna baxmayaraq, bu gün iki ölkə arasındakı münasibətlər əvvəlki qədər isti deyil. Bunun əsas səbəblərindən biri Səudiyyə Ərəbistanının Livandakı siyasətidir. Belə ki, bu siyasət hazırkı ABŞ administrasiyasının maraqları ilə üst-üstə düşmür. ABŞ-nin Türkiyədəki səfiri Barak eyni zamanda Yaxın Şərq üzrə ABŞ nümayəndəsi funksiyasını daşıyır. Livan isə birbaşa Barakın təsir dairəsində olan dövlətlərdən sayılır. Tramp administrasiyası isə hesab edir ki, Barak əslində Səudiyyə Ərəbistanının təsiri altındadır və bu səbəbdən ABŞ-nin Livandakı siyasətində balans pozulub, maraqlar lazımi şəkildə qorunmur. Hətta ABŞ-nin Livandakı keçmiş səfiri xanım Morqan Ortaqusun yenidən həmin vəzifəyə gətirilməsi planlaşdırılır. İkinci məsələ isə son vaxtlar baş verən Doha hadisələri ilə bağlıdır. İsrailin hərbi hava qüvvələrinin Dohaya endirdiyi zərbədən sonra Səudiyyə Ərəbistanı yeni bir təhlükəsizlik modeli axtarmağa başlayıb. Başqa sözlə, özünə yeni strateji müttəfiq tapmağa çalışır. Səudiyyə Ərəbistanı çox yaxşı başa düşür ki, ABŞ-nin Yaxın Şərqdə ən yaxın və etibarlı tərəfdaşı İsraildir və İsrail istənilən an Səudiyyə Ərəbistanına zərbə endirə bilər. Bu səbəbdən Səudiyyə rəsmiləri arasında narahatlıq tez-tez ifadə olunur. 14-15 sentyabr tarixində baş verən Doha hadisələrindən sonra Səudiyyə Ərəbistanı ilə Pakistan arasında strateji müttəfiqlik haqqında sənəd imzalanıb. Həmin sənədə əsasən, bu iki dövlətdən birinə edilən hərbi hücum digərinə də edilmiş sayılır və bu, ciddi hərbi-siyasi sənəd kimi qiymətləndirilir. Bu da onu göstərir ki, Səudiyyə Ərəbistanı artıq ABŞ-yə əvvəlki qədər güvənmir. İsrailin Dohaya hücumu isə ABŞ-nin regiondakı nüfuzuna ciddi zərbə vurub".

 

Səmayə Səftərova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər