Rəsmi müraciətsiz sülh: Kreml və Ağ Ev razılaşdı, bəs Ukrayna?
Rusiya 8-9 may tarixlərində Ukrayna cəbhəsində birtərəfli qaydada atəşkəs elan edib.
Kreml bildirir ki, Moskva Ukraynanın da bu addımı atacağını gözləyir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a özəl müsahibəsində mövcud vəziyyəti analiz edib.
Politoloq vurğulayıb ki, hər il Qələbə Günü ərəfəsində bənzər təkliflər gündəmə gəlsə də, indiki şəraitdə bu, daha çox siyasi manevr təsiri bağışlayır:
"Prezident Volodimir Zelenski Rusiyanın bu təklifini qəbul etməyib. O öz çıxışında Rusiyanın təcavüzkar dövlət kimi Ukrayna ərazisinə daxil olduğunu, hər gün hərbçilərin və dinc sakinlərin - qocaların, uşaqların bu müharibədən əziyyət çəkərək həlak olduqlarını vurğulayıb. Ukraynanın ehtiyacı olan qısamüddətli "nəfəslik" deyil, uzunmüddətli və ədalətli sülhdür".

Y. Bağırzadə qeyd edib ki, atəşkəs müzakirələrində qəribə bir diplomatik boşluq yaranıb. Belə ki, Ukraynaya bu barədə rəsmi müraciət belə daxil olmayıb:
"Avropa dövlətləri bu məsələdə Ukraynaya hər hansı təzyiq göstərməyəcək və qərarı rəsmi Kiyevin ixtiyarına buraxacaqlar. Prezident Zelenski onu da qeyd edib ki, atəşkəslə bağlı Rusiyadan Ukraynaya rəsmi müraciət daxil olmayıb. Belə bir təəssürat yaranır ki, Rusiya və ABŞ bu məsələni öz aralarında müzakirə etsələr də, prosesin əsas tərəfi olan Ukrayna sanki kənarda qalıb. Halbuki atəşkəs ilk növbədə Ukraynanın razılığı ilə əldə olunmalıdır.
Yeri gəlmişkən, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Zelenski ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında görüş baş tutub. Zelenski Fitsodan 9 mayda Moskvaya səfər etməməsini xahiş edib və böyük ehtimalla Slovakiya tərəfi bu səfəri təxirə salacaq".
Lalə Qafarova