Razılığa gəlinib!
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bəhs olunub. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, ŞƏT çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü Vaşinqtonda əldə olunan razılaşmalara sadiqliyin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir:
"Tərəflər arasında razılıq əldə edilib. Əsas məsələ isə bu razılaşmaların praktiki müstəvidə icrasını həyata keçirməkdir. Praktiki müstəvidə icrasının həyata keçirilməsində müəyyən çətinliklər var. Bu razılaşmalar icra edilənə qədər tərəflər arasında intensiv təmasların qurulması müsbət haldır. Bu kimi təmaslarda liderlər həm razılaşmaların praktiki müstəvidə icrasının hansı mərhələdə olduğunu müzakirə edə, həm də razılaşmalara sadiqliyini nümayiş etdirə biliblər. Razılaşmaların icrasının uzadılması, əlbəttə ki, arzuolunan deyil. Prosesin uzadılması Azərbaycanın daxili siyasətinə yox, Ermənistanın daxili siyasətinə ciddi təsir göstərə və ciddi çətinliklər yarada bilər. Çünki Ermənistan müxalifəti məhz bu prosesi pozmaq üçün aktiv fəaliyyət göstərib. ŞƏT-in vasitəçiliyi məsələsinə gəldikdə, əslində, ŞƏT-in vasitəçiliyinə ehtiyac yoxdur. Sadəcə bu cür sammitlər çərçivəsində təmaslar yarana bilər".
Aygün Babayeva