00:00:00
Yazar
Admin User
06.10.2025 17:32 173 2 dəq oxuma
Siyasət

Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində iki ölkə liderləri regional təhlükəsizlik, Qafqazda sabitlik və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Analitiklər səfəri Ankara–Bakı xəttində siyasi koordinasiyanın güclənməsi və Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi kimi qiymətləndirirlər.

 

Səfərin əsas gündəm mövzularından biri regional təhlükəsizlikdir. Xüsusilə Cənubi Qafqazda son dövrlərdə baş verən siyasi və iqtisadi hadisələr, enerji layihələrinin inkişafı və nəqliyyat dəhlizlərinin genişləndirilməsi bu görüşün vacib səbəblərindəndir.

 

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğanın Azərbaycana səfəri əsasən Türk Dövlətləri Təşkilatının Qəbələdə keçiriləcək sammiti ilə bağlıdır və səfərdən konkret siyasi qərarlar gözləmək məntiqə uyğun deyil:

 

“Bu səfərin məqsədi Türk dünyasında inteqrasiya və birgə layihələrin müzakirəsi üçün platforma yaratmaqdır. Qəbələdə keçiriləcək sammitdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar sahələrdə birgə təşəbbüslər diqqət mərkəzində olacaq. Türkiyə Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır, lakin Cənubi Qafqazda güc balansını dəyişmək imkanına malik deyil. Bu bölgədə Rusiyanın təsirini zəiflədə və ya aradan qaldıra biləcək əsas qüvvə ABŞ-dir. ABŞ-nin siyasətində Türkiyənin rolu müəyyən olsa da, həlledici deyil. Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas vəzifələrdən biri Mərkəzi Asiya ölkələrinin enerji resurslarını dünya bazarlarına çıxışını təmin etməkdir. Bu istiqamətdə Türkiyə və Azərbaycanın birgə fəaliyyəti strateji əhəmiyyət kəsb edir. Qəbələ sammiti Orta Dəhliz boyunca əməkdaşlığı gücləndirəcək, enerji və nəqliyyat marşrutlarını şaxələndirəcək və regionda Azərbaycan və Türkiyənin nüfuzunu artıracaq. Eyni zamanda, bu təşəbbüslər regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və logistika infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək”.

 

Həmçinin şərhçi qeyd edib ki, Ərdoğanın səfəri Azərbaycanla Türkiyə arasında məlumat mübadiləsi, yük izləmə sistemləri və gömrük prosedurlarının sadələşdirilməsi kimi texniki məsələlərin koordinasiyasına da təkan verəcək:

 

“Bu uzunmüddətli perspektivdə regional ticarət marşrutlarının effektivliyini artıracaq, yükdaşımaların sürətini və həcmini yüksəldəcək. Türk Dövlətləri Təşkilatı ilə bağlı bu səfər regional əməkdaşlığı daha şəffaf və sistemli qurmağa imkan verəcək. Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyi bu təşəbbüslərlə daha da möhkəmlənəcək, regionda siyasi və iqtisadi təsirlilik güclənəcək. Bu görüş yalnız rəsmi protokollar üçün deyil, həm də gələcəkdə birgə iqtisadi və enerji layihələrinin planlaşdırılması üçün önəmli addımdır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər