ƏRDOĞAN-PUTİN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR
Ərdoğan-Putin görüşündən gözləntilər olduqca yüksəkdir. Bir sıra geosiyasi və qlobal məsələlər, eləcə də Taxıl Sazişi gündəmdə olacaq.
Belə ki,17 iyulda sazişdən geri çəkilən Rusiyanın razılaşmaya qayıdıb-qayıtmayacağı məhz bu görüşdən asılıdır. Rusiya-Ukrayna müharibəsində hər iki tərəf ilə dialoq yaratmağı bacaran Türkiyənin dəhlizin bərpasına və canlanmasına hesablanan təkliflər irəli sürəcəyi gözlənilir. İddialara görə, Qara dənizdən 33 milyon ton ərzaq ixracını təmin edən Kreml Qətər və Türkiyə ilə birlikdə yeni müqaviləyə imza atamağa hazırlaşır.Türkiyənin təşəbbüsü ilə əldə ediləcək razılaşmada taxıl tədarükünün Rusiyaya həvalə edildiyi halda Qətər maliyyələşməni təmin edəcək. Siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə, yeni sazişdə taxılın əsasən Afrika ölkələrinə çatdırılması planlaşdırılır. Bəzi mənbələrə görə rəsmi Ankara Kiyevin daxil olmayacağı sazişi dəstəkləməyəcək. Buna görə də Ərdoğan-Putin görüşündə sazişlə bağlı alternativlərin müzakirəsi əsas versiyalar arasındadır.
Kritik görüşdə Türkiyə-Suriya əlaqələrinin də müzakirəsi gözlənilən məsələlərdəndir. Belə ki, PKK ilə mübarizə, sərhəd təhlükəsizliyi, qaçqınların geri qaytarılması ziyarətin gündəliyini təşkil edəcək.Analitiklərin fikrincə son zamanlar iki ölkə arasında olan soyuq münasibətlər müzakirələr əsnasında ələ alınacaq. Ərdoğan və Putin iqtisadi əlaqələri daha əvvəl müəyyən edilmiş ortaq ticarət həcmi hədəfinə uyğun olaraq qiymətləndirəcəklər.
