00:00:00
Yazar
Admin User
13.10.2025 08:48 117 3 dəq oxuma
Siyasət

Ərdoğan Qəzzaya gedəcək

Ərdoğan Qəzzaya gedəcək

Kim nə deyirsə desin, Qəzzada zərərçəkənlərə sevinc bəxş edən hər addım bizim üçün məqbuldur.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizədə keçirilən iclasında deyib.


“Qəzzaya öncə mən gedəcəyəm, sonra siz”, - Ərdoğan əlavə edib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, Qəzza məsələsi hazırkı mərhələdə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də AKP hökumətinin siyasətində əsas prioritet istiqamətlərdən birinə çevrilib:


“Bu baxımdan, Ərdoğanın Qəzza ilə bağlı açıqlamaları təəccüblü deyil və səfər məsələsi isə, indiki şəraitdə real görünmür. Onun Qəzzaya səfəri üçün İsrailin bu məsələyə açıq və müsbət münasibət bildirməsi vacibdir. Hazırda bölgədə təhlükəsizlik tədbirləri kifayət qədər təmin edilməyib. Bu səbəbdən, Ərdoğanın yaxın zamanda Qəzzaya səfəri çətin ehtimal olunur.


Təhlükəsizlik tədbirləri tam təmin olunduğu, Qəzzada vəziyyət sabitləşdiyi təqdirdə, bu səfər baş tuta bilər. Ümumiyyətlə, dövlət başçıları müharibə şəraitində və riskli dönəmlərdə belə səfərləri həyata keçirmirlər. Belə hallarda prezidentlərin və ya baş nazirlərin təhlükəsizlik baxımından bu cür səfərlərə getməsi məntiqli sayılmır. Ərdoğan kimi liderlər üçün isə bu, xüsusilə keçərlidir.


Ona görə də, Ərdoğanın Qəzzaya səfəri yaxın vaxtlarda deyil, yalnız bölgədə sülh təmin olunduqdan sonra baş tuta bilər. Ərdoğan bu barədə bəyanatlar versə də, real vəziyyət onun səfərini hələlik mümkünsüz edir. Hətta humanitar yardımların belə müəyyən mərhələdə dayandırıldığı bir şəraitdə İsrailin Türkiyə Prezidentinə bu cür səfər üçün icazə verməsi inandırıcı görünmür. Ərdoğan da bu reallığı nəzərə alır. Lakin təhlükəsizlik təmin edildiyi halda səfərin baş tutması mümkündür. Belə bir səfər baş verərsə, onun regional miqyasda böyük rezonans doğuracağı şübhəsizdir. Bu, müəyyən mənada ABŞ-nin İsraili bölgədə “dayaq nöqtəsi” kimi tanıması qədər əhəmiyyətli hadisə ola bilər”.


Politoloq qeyd edib ki, eyni zamanda, belə bir səfərin İsrailin daxili siyasi vəziyyətindən də çox şey asılıdır:


“Əgər hakimiyyətdə Benyamin Netanyahu qalarsa, Türkiyə-İsrail münasibətlərinin gərgin olaraq qalması ehtimalı yüksəkdir. Lakin Netanyahusuz bir siyasi mərhələdə, yəni münasibətlərin nisbətən normallaşdığı dövrdə bu səfərin baş tutması mümkündür. Məsələn, İsrail Prezidenti Türkiyəyə səfər etdiyi dövrdə münasibətlər müsbət istiqamətdə inkişaf etmişdi. Bu mənada, gələcəkdə münasibətlərin yenidən normallaşması və Ərdoğanın Qəzzaya səfəri real perspektiv hesab oluna bilər.Əgər səfər gərginlik şəraitində baş tutarsa, bu, İsrail-Türkiyə münasibətlərini daha da pisləşdirə bilər. Əslində, Ərdoğanın riskli və simvolik səfərləri əvvəlki illərdə də müşahidə olunub. Onun Şuşaya səfəri və işğaldan azad olunmuş ərazilərə gedişi bunun bariz nümunəsidir. Ərdoğan bu cür addımlarla göstərir ki, beynəlxalq hüququn tərəfdarıdır və siyasi mesajlarını praktik addımlarla ifadə edir.


Lakin Türkiyə hakimiyyətinin bu məsələlərə yanaşması bəzən radikal və emosional xarakter daşıyır. Onlar qərarlarında daha çox siyasi və ideoloji faktorları önə çəkirlər. Bu isə zaman-zaman gərginliklərə səbəb olur”.


T. Rzayev son olaraq açıqlamasına əlavə edib ki, bütün hallarda, Türkiyə Qəzza məsələsinin humanitar tərəflərini önə çıxarsa da, onun əsas diqqəti hərbi-siyasi müstəviyə yönələcək:


“Türkiyə beynəlxalq arenada özünü hər zaman regional güc mərkəzi kimi təqdim edib və bu siyasət gələcəkdə də davam edəcək.
Nəticə etibarilə, Ərdoğanın Qəzzaya səfəri yalnız təhlükəsizlik və diplomatik şərait tam təmin olunduqdan sonra mümkün ola bilər”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər