Ərdoğan və Pezeşkian Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib. Görüş Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Bu məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki,Türkiyə ilk gündən bəyan edib ki, Azərbaycanın razılaşdığı hər bir qərarı dəstəkləyəcək:
" Həm Rəcəb Tayyib Ərdoğan, həm də Məsud Pezeşkiyan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı tərəflərdir. Biz bilirik ki, Türkiyə Prezidenti uzun illərdir bölgədə sabitliyin yaranması, Türkiyənin nüfuz və potensialının Cənubi Qafqazdakı təhlükəsizliyə yönləndirilməsi üçün ciddi səylər göstərib. Eyni zamanda, Məsud Pezeşkiyan da prezident seçildikdən sonra bölgə dövlətləri, xüsusilə də müsəlman ölkələri ilə dinc yanaşı yaşamağın, əməkdaşlıq və dostluq münasibətlərinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Məhz bu baxışlarına görə İran daxilində müəyyən mürtəce dairələr tərəfindən hədəfə alınsa da, o, mövqeyindən çəkilmir və bölgədə sülhün, anlaşmanın vacibliyini önə çəkir. Bu mənada, onun Cənubi Qafqazla bağlı mövqeyi həm İranın maraqlarını, həm də ümumi regional maraqları nəzərə alan konstruktiv yanaşmadır.
Bu görüşün Cənubi Qafqazda sabitlik və sülhə töhfə verəcəyi şübhəsizdir. Hər iki prezident bölgədə yaşayan türklərin varlığını nəzərə alır, Azərbaycanın dostu kimi onun uğurlarını dəstəkləyir. Bölgədə sülh və əmin-amanlıq həm də burada yaşayan türk xalqlarının təhlükəsizliyinin təminatıdır. Azərbaycan–Ermənistan münasibətlərinə gəldikdə, Türkiyə ilk gündən bəyan edib ki, Azərbaycanın razılaşdığı hər bir qərarı dəstəkləyəcək. Azərbaycanın mövqeyi isə daim ədalətli olub: Ermənistan işğal etdiyi torpaqlardan çəkilməli, bölgədə sülh bərqərar olmalı idi. Bu gün artıq həmin mərhələ gəlib çatıb.
Pezeşkiyan da dəfələrlə bildirib ki, İran Cənubi Qafqazla münasibətlərini yaxşı qurmalıdır. O, hətta Azərbaycanın İsraillə münasibətlərini səbəb göstərərək, İranla yaxınlığın olmamasında günahı da İran rəhbərliyində görüb. Son dövrlərdə isə Zəngəzur dəhlizi ilə bağlı konstruktiv mövqeyi diqqət çəkir. Bütün bunlara görə paniranist və şovinist dairələrin təzyiqlərinə məruz qalsa da, o, sağlam və düzgün mövqeyini müdafiə etməkdə davam edir. Beləliklə, bu görüşdə əsas müzakirə mövzularının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, bölgədə sülh və əməkdaşlığın möhkəmlənməsi, həmçinin region dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı və dinc yanaşı yaşamağın yolları olduğu ehtimal edilir".
Xədicə Məhərrəmli