Ərdoğan və Putin Ukrayna məsələsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bildirilib ki, liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb.İki ölkə başçısı həmçinin Türkiyə və Rusiya münasibətlərini, eləcə də regional, qlobal məsələləri müzakirə ediblər.
Bu məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan üçün də, eləcə də Türkiyə üçün olduqca önəmlidir:
" Rusiya və Türkiyə prezidentlərinin danışıqları, əslində, həm müsbət bir haldır, həm də müəyyən problemlərin mövcudluğunu göstərir. Yəni bu iki dövlət arasında həm əməkdaşlıq, həm də rəqabət paralel şəkildə mövcuddur. Bir sıra məsələlərdə onlar iş birliyi edirlər, digər məsələlərdə isə rəqabət aparırlar. Ən önəmlisi isə odur ki, bu münasibətlər siyasi tənzimləmə çərçivəsində idarə olunur. Bu isə siyasi alətlərin işlədiyini göstərir. Təbii ki, bu, Azərbaycan üçün də, eləcə də Türkiyə üçün olduqca önəmlidir. Başqa bir gerçəklik də var: Rusiya müəyyən mənada Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur. Çünki Rusiyaya qarşı sanksiyalara qoşulmayan azsaylı dövlətlərdən biri Türkiyədir. Bu səbəbdən Rusiya üçün Türkiyə ilə əməkdaşlığı davam etdirmək həyati əhəmiyyət daşıyır. Digər tərəfdən isə biz bilirik ki, Türkiyə Ukraynanı dəstəkləyir, Krım məsələsində açıq mövqe nümayiş etdirir və NATO qərarlarına uyğun davranır. Bütün bunlara baxmayaraq, Rusiya Türkiyə ilə münasibətləri saxlamağa məhkumdur.
Eyni zamanda, Rusiya-Türkiyə əməkdaşlığı Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri üçün də xüsusi önəm kəsb edir. Hazırda Azərbaycan və Rusiya arasında müəyyən gərginliklərin olduğu bir vaxtda Türkiyənin dövrəyə girməsi, tərəflərin danışıqlar aparması təhlükəsizliyimiz və yaranan problemlərin həlli baxımından əhəmiyyətlidir. Daha geniş planda isə, qlobal səviyyədə Rusiya dünyanın ən ciddi problemlərindən biri kimi görünür. Rusiya-Ukrayna müharibəsi, Qərb-Şərq qarşıdurması, yeni dünya düzəninin formalaşması, Türk Dövlətləri Təşkilatının güclənməsi — bütün bunlar həm Rusiya, həm də Türkiyəni maraq dairəsində saxlayır. Burada da bir sıra məsələlərdə əməkdaşlıq, digər məsələlərdə isə rəqabət müşahidə olunur.
Əsas məqam budur ki, bütün bu məsələlər siyasi yolla müzakirə edilir və qarşıdurmalar siyasi müstəvidə idarə olunur. Bu isə mövcud qeyri-müəyyənliklər fonunda olduqca vacibdir. Çünki müəyyən diplomatik ritualların qorunması, siyasi kanalların işləməsi regional və qlobal sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, bu gün ABŞ-Rusiya, ABŞ-Çin, Türkiyə-ABŞ və Türkiyə-Çin münasibətləri də mürəkkəbdir, Türkiyənin bölgədə artan nüfuzu və təsiri xüsusi diqqət çəkir. Suriyadan Cənubi Qafqaza, Orta Asiyaya qədər bir çox bölgələrdə Türkiyənin rolu güclənir. Rusiyanın da bu reallığı qəbul etməsi, hətta telefon danışıqları səviyyəsində belə özünü göstərir. Bu isə, şübhəsiz ki, Azərbaycan üçün də strateji baxımdan önəmli amildir".
Xədicə Məhərrəmli