Ərdoğandan Putinə Cənubi Qafqaz eyhamı
"Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda davamlı sülh əldə oluna bilər", bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Rusiya və Ukrayna müharibəsi uzandıqca, nəinki regionda, ümumiyyətlə dünyada siyasi gərginlik artır:
"Bu, Qafqazdakı proseslərə də təsirsiz ötüşmür. Rusiya əsasən Cənubi Qafqazda mövqeyinin sarsıldığını hiss edir və bölgədə yenidən güclənməyə çalışır.Ancaq reallıq budur ki, artıq Türkiyə həm regionda, həm də Qafqazda qüdrətli söz sahibidir. Azərbaycan və Ermənistan arasındakı sülhün Türkiyə və Rusiyanın maraqlarına zidd olmadığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xatırlatması əslində Kremlə diplomatik xəbərdarlıqdır. Bu eyham sülh prosesinə müdaxilələri neytrallaşdırmaq məqsədi daşıyır.Xüsusilə Rusiyanın Ukraynaya təcavüzü fonunda, Ərdoğanın “Ukraynada ədalətli və davamlı sülh üçün Türkiyənin səylərini davam etdirdiyini” xatırlatması da siyasi mesajdır. İstanbulda aparılan danışıqların prosesə töhfə verdiyini vurğulaması isə Rusiyaya xatırlatmadır ki, Türkiyə bu məsələdə həm Rusiya, həm də Ukrayna üçün konstruktiv rol oynayır.Beləliklə, Rusiya Qafqazda Türkiyə və Azərbaycanın maraqlarını tapdamamalıdır. Əlaqələrin inkişaf etdiyini qeyd etməklə, münasibətlərin gərginləşməsində maraqlı olmadığını bir daha vurğulayıb. Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın bu yanaşması sülh prosesinə diqqət və nəzarətin göstəricisidir. Yəni Qafqazda Rusiya özünü birmənalı və əvəzsiz lider kimi görməməlidir.Artıq Türkiyənin Ermənistanla əlaqələri də yüksək səviyyəyə qalxmaq üzrədir. İsrail Baş naziri Netanyahu tərəfindən qondarma erməni soyqırımının tanınması ilə bağlı ifadələrə Ermənistan Baş naziri Nikol Paşinyanın kəskin reaksiyası da bu münasibətlərin ciddiliyini göstərir. Bununla paralel, Türkiyə Rusiya və bəzi Qərb dövlətlərinin maneələrini dəf edərək, ehtimal olunan müdaxilələrə qabaqlayıcı sədd çəkir ki, bu da Azərbaycan və Ermənistan arasındakı sülh prosesini daha da etibarlı və sağlam edir.Ermənistanla danışıqlarda Türkiyənin rolunu həm Azərbaycan, həm də Ermənistan qəbul edir. Rusiya isə Qafqazda tam nüfuzunu itirməkdədir. Belə olmasına baxmayaraq, Türkiyə Prezidentinin münasibətlərdə və müxtəlif sahələrdəki əlaqələrdə maraqlı olduğunu vurğulaması ümumilikdə sülhə və ümumi inkişafa töhfə verən bəyanatlardır.Artıq ATƏT-in Minsk Qrupunun ləğv edilməsi də sülh prosesinə növbəti ciddiyyət qatır. Ümid edilir ki, Ukrayna və Rusiya arasındakı münaqişənin səhmana salınmasında Türkiyənin rolu və sülhə doğru atılan addımlardakı vasitəçiliyi onun siyasi proseslərdəki əhəmiyyətini daha da artıracaq".
Qəmər Kazımzadə