REGİON TV-NİN REDAKTORU JURNALİST-TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
Nurlan Ağa
BDU jurnalistika fakültəsi
Region TV-nin redaktoru Səfurə Çərkəzqızı aprelin 22-də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin qonağı olub.
Görüşə özün haqqında qısa məlumat verərək başlayan jurnalist tələbələrlə səmimi ortam yaradaraq söhbətini onların sualları əsasında qurub. Redaktorun özünün və çalışdığı iş yerinin fəaliyyətindən tutmuş şəxsi fikirlərinə qədər səsləndirilən suallar görüşdə tələbələr arasında da müzakirələr yaradıb.
Tələbə Leyla Əfqanın “kimsəsiz adaya düşsəniz, yanınıza alacağınız üç şey nə olar?” sualına Səfurə xanım “qızım, yoldaşım və ən yaxın rəfiqəm” deyə cavab verdi. Tələbənin “bəs kitab götürməzsiniz?” əlavəsini isə jurnalist yumorla “bir az da kitabsız yaşayım” şəklində cavablandırıb.
Başqa bir tələbə Qoşqar Bəylərovun “Region TV-dəki bəzi verilişlərdə altyazı şəklində tanışlığın olması nə qədər doğrudur?” sualı isə “ümumi mərkəzdən idarə olunan bir şeydir, təbii ki, televiziya hələ ki, gənc olduğuna görə bu kimi nöqsanlar özünü göstərə bilər” cavablandırılıb.
Görüş zamanı Səfurə Çərkəzqızı öz bədii fəaliyyəti haqqında da söz açaraq jurnalist-tələbələrə “And olsun atlara!” adlı ilk bədii kitabı barədə məlumat verib. Daha sonra müəllif tələbələr üçün kitab imzalayaraq onlara hədiyyə edib.
Görüşün sonunda Səfurə xanım tələbə və müəllimlərlə xatirə fotosu çəkdirib
