Regional inteqrasiyanın və iqtisadi artımın yeni səhnəsi
Azərbaycan Prezidenti: Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük. Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm həsənova bildirib ki, Orta Dəhliz regionu konstruktiv genişlənmənin təlim meydançasına çevirəcək:
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonrakı illərdə demək olar ki, bölgə ölkələri arasında regional inteqrasiya ilə bağlı təcrübə heç də qənaətbəxş olmayıb. Regionumuzda yaranan fundamental iqtisadi problemlər xalqların da baxışlarının kəskinləşməsinə gətirib çıxarıb. Ermənistan-Azərbaycan olmaqla Ermənistan-Türkiyə, Azərbaycan-İran, Rusiya ilə ayrı-ayrılıqda yaranan ziddiyyətli baxışlar regionumuzu aşaraq Mərkəzi Asiyaya qədər təsir edib. Azərbaycanın məlum düyün nöqtəsini açmasından sonra isə bölgənin inteqrasiyası önündə geniş qapılar açılıb. Belə bir reallıqda ağla gələn ilkin sual odur ki, niyə görə də inteqrasiya sxemləri dünyanın iqtisadi modelinə əsaslanan, birliklərinə bənzəyən, hətta düzgün təhlillər edilərək onun fəaliyyətində olan boşluqların təkmilləşdirilməsindən sonra daha qabaqcıl bir iqtisadi model qurulmasın? Bunun üçün regionun potensialı olduqca zəngindir, sadəcə bu potensialdan düzgün istifadə olunmalıdır. Regionda azad ticarət zonaları və ya gömrük birliklərinin yaradılması ilə hədəflərə çatmaq olar. Tarif üstünlükləri təqdim etməklə də yerli istehsalçılar və regional təchizatçılar arasında cəlbedici mexanizmlər formalaşdırıla bilər. Daha öncəki illərdə region ölkələri arasında lüzumsuz rəqabət əvəzinə, hətta regional idxalı əvəzetmə, ixracı artırma strategiyalarına əsaslanan bir sistem qurula bilər. İlkin olaraq regiondaxili ticarətdə birtərəfli, ikitərəfli idxal məhdudiyyətləri aradan qalxacaqsa, sonrasında bu addımlar regiondan kənar ticarətin bölgəyə ayaq açmasına gətirib çıxaracaq.
Region ölkələri arasında regional iqtisadi artım bütün bölgə əhalisinin yoluna, proseslərdə iştirak və tərəf olma səylərinə işıq salacaq. Habelə, bu cür artım əmək və kapitalın toplanması ilə demoqrafik amilə də müsbət təsir göstərəcək, regionla əməkdaşlıq və qarşılıqlı əlaqəni artıracaq. Azərbaycan bütün bunlara ənənəvi baxış formalaşdırmaq istəyir ki, sülh qalıcı olsun. Cənubi Qafqaz ziddiyyət çəmbərindən çıxsın. Orta Dəhliz regiona elə bir canlanma gətirəcək ki, bu rəqabət davranışına, tarazlıq dinamikasına fundamental qaydada təsir edəcək. Sözügedən Dəhliz infrastrukturun inkişafına da müsbət təsir göstərəcək. Bu da region xalqları arasında mübadilə və gediş-gəlişin kapital və zaman baxımından daha təhlükəsiz, əlçatan, rahat və sərfəli olması deməkdir. Proses boyu tətbiq olunan texnoloji dəyişiklik, məhsuldarlıq artımı cəmiyyətlərin baxışlarında da köklü dəyişikliyə səbəb olacaq. Belə ki, sülhyaratma yanaşmasının effektiv olması üçün məhz iqtisadi sahədə addımlar atılmalıdır ki, ən xırda qarşıdurma, ziddiyyətdən belə çəkinilsin. Orta Dəhliz regiona dünyanın biznes sektorunun və cəmiyyətinin ayaq açması deməkdir. Bu da dünyaya vasitəsiz çıxış anlamına gəlir. Azərbaycan Orta Dəhlizin əsas həlqəsi olmaqla qısamüddətli və ya uzunmüddətli, dəyişiklik və ya sabitlik, sülh və ya münaqişə, mənfi sülh və ya müsbət sülh kimi ikiliklər kimi başa düşülən məhfumları kənaraq qoyaraq hər şeydə bir-birinə zidd baxmaq meyli deyil, sülh çağırışlarını asanlıqla qara və ya ağ kimi təsvir edilə bilən mürəkkəb kontekstlərdən çıxarıb sülhsevər cəmiyyət, region qurmaq səylərindən bəhs edir. Bir sözlə, Orta Dəhliz regionu konstruktiv genişlənmənin təlim meydançasına çevirəcək “.
Reyhan Quliyeva
