"Regionun taleyi danışıqlardan asılıdır"- ATƏŞKƏS MASASINDA ZİDDİYYƏTLƏR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığında tərəflər regiondakı atəşkəs və təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, savaş dövründə İran qonşu dövlətlər üçün kifayət qədər ciddi problem yaradıb, xüsusilə də Körfəz ölkələri bundan daha çox zərər çəkib:
“Bundan başqa, İran həm Türkiyə ərazisinə, həm də Azərbaycan ərazisinə müəyyən hücumlar edib. Tərəflər arasında aparılan danışıqlar prosesi münasibətlərin mümkün qədər nizama salınmasına töhfə verib. Savaşın getdiyi dövrdə də Azərbaycan və İran rəsmiləri arasında həm Prezidentlər, həm də Xarici İşlər Nazirlikləri səviyyəsində mütəmadi telefon danışıqları olub. Azərbaycan İrana humanitar yardım göstərən az ölkələrdən biridir”.
Politoloqun sözlərinə görə, hazırda iki həftəlik atəşkəs razılaşması var və qarşıdakı dönəmdə tərəflər arasında İslamabadda danışıqların aparılması gözlənilir:
“Gələcəkdə bölgədə sülhün, sabitliyin təmin olunmasında İranın qonşu dövlətlərlə münasibətinin normallaşması vacib şərtdir. Bu baxımdan Azərbaycan ilə İran arasında dialoqun olması və mütəmadi əlaqələrin saxlanılması da məhz bu prosesin inkişafına müsbət təsir edən amillərdən hesab olunur. İran-Azərbaycan münasibətlərinin normallaşdırılması, həm Türkiyə-İran münasibətlərinə, həm də Güney Qafqazdakı proseslərə öz təsirini ciddi şəkildə göstərir”.
Atəşkəsin effektivliyinin İslamabadda keçiriləcək görüşün nəticələrindən sonra bəlli olacağını bildirən Oqtay Qasımov qeyd edib ki, hazırda atəşkəs rejimi kifayət qədər kövrəkdir və tərəflərin bu məsələyə yanaşmaları da fərqlidir:
“Xüsusilə də danışıqlar masasında tərəflərin irəli sürdüyü şərtlər də bir-birinə ziddir və bunun qəbul olunması kifayət qədər problematik görünür. Bu baxımdan ümid edirik ki, tərəflər rasional düşüncə nümayiş etdirərək danışıqların pozitiv istiqamətdə getməsinə öz töhfələrini verəcəklər”.
Nurgün Qənizadə