Rəsmi Ankaradan Danimarkaya XƏBƏRDARLIQ
Danimarkada bir qrup etirazçı İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsini yandırıb. İraq Xarici İşlər Nazirliyi hücumu pisləyib. Nazirliyin sözçüsü Bağdaddakı diplomatik heyətinin İraqı tərk etdiyini açıqlayıb. Bu, artıq bir həftə ərzində qruplaşmanın keçirdiyi ikinci belə aksiyadır. Etirazçıların hakimiyyətdən hər hansı tələblərinin olub-olmadığı məlum deyil.
"Danimarka vətənpərvərləri" adlı ifrat sağçı qrup sosial şəbəkələrdə Quranın yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən video paylaşıb. Qurana qarşı edilən bu son hücumlarla iki ölkə arasında münasibətlərin daha da pisləşmə riski var. Şənbə günü eyni qrupun hücumundan sonra İraq şiələrinin liderinin çağırışı ilə minə yaxın iraqlı Danimarkanın Bağdaddakı səfirliyi qarşısında yürüş keçirib. İraq Xarici İşlər Nazirliyi bəyanatında hücumu pisləyib və qeyd edib ki, bu cür hərəkətlər "cəmiyyətlərin birgə dinc yaşaması üçün real təhlükədir. Bu açıqlama verildiyi ərəfədə isə Danimarkanın Bağdaddakı səfirliyinin diplomatik heyəti artıq İraq ərazisini tərk etmişdi. Məsələyə Türkiyənin də reaksiyası gecikməyib. Türkiyə xarici işlər naziri Hakan Fidan Danimarka hakimiyyətini "bu cür çirkin hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirlər görməyə" çağırıb.
Açıqlamada qeyd olunur ki, Danimarka hakimiyyəti öz beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli, İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.
Məsələnin təzadlı tərəfi Danimarka hökümətinin Qurana hücumları pisləməsidir. Ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, "Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmətsizlik, utancverici hərəkətdir". Bəyanatda Danimarkanın ifadə və sərbəst toplaşma azadlığına hörmət edilməli olduğu vurğulanıb. Etiraz hüququna dəstək verildiyi, lakin bunun dinc şəkildə davam etdirilməsinin vacibliyi qeyd edilib. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bu təxribatçı və biabırçı hərəkətlərin Danimarka hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Sitat - “Hər kəsi gərginliyi azaltmağa çağırıram. Zorakılıq heç vaxt cavab olmamalıdır”.
Qeyd edək ki, Lars Lökke Rasmussen daha öncə Quranın yandırılmasını “səfehlik və küfr” adlandırsa da, bildirmişdi ki, dini ədəbiyyatın alova atılması onun ölkəsinin qanunları ilə qadağan deyil.
Aysel
