00:00:00
Yazar
Admin User
26.07.2023 08:38 294 2 dəq oxuma
Dünya

Rəsmi Yerevan 30 il əvvəldə qalıb

Rəsmi Yerevan 30 il əvvəldə qalıb

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa mətbuatına verdiyi müsahibələrində növbəti dəfə Azərbaycana qarşı sərsəm fikirlər səsləndirib.

 

İnformator.az xəbər verir ki, Paşinyan Ağdam-Xankəndi yolundan imtinaya diqqət çəkib. Bu çıxışa rəsmi Bakının cavabı gecikməyib. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Eyni zamanda Paşinyanın Ağdam-Xankəndi marşrutunu gözardı edərək, "blokada" barədə məlumatlar yayması ictimai rəyi manipulyasiya etmək cəhdidir. “Rəsmi İrəvan Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edir. Lakin Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqsədilə atılıb. Beynəlxalq Ədalət Məhkəməsi də təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır” deyə bəyanatda bildirilir:

 

“Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Bu həmçinin, Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir.

 

Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür”.
Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, Paşinyanın Ermənistanın yaratdığı qondarma rejimi "demokratik yolla seçilən hakimiyyət" adlandırması rəsmi Yerevanın 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Həmçinin bu, onun "Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın tanındığına" dair bəyanatına tamamilə ziddir. Elçin Mirzəbəylinin sözlərinə görə, Nikol Paşinyanın düşüncə tərzi hüquqa zidd bir düşüncə tərzidir, klassik erməni təfəkkürünə söykənir. Həm beynəlxalq hüquqda, həm normal siyasi münasibətlərdən uzaq mifə, əsatirlərə, nağıllara söykənir. Bu aspektdən də Nikol Paşinyanın nə deməyindən asılı olmayaraq əslində hüquqi müstəvidə və real ədalətli müstəvidə hər şey Azərbaycanın tərəfindədir.


Görünən odur ki, Ermənistan rəhbərliyinin fikirləri sülhə töhvə vermir. Əksinə danışıqlar prosesinə zərbə vurur, bölgədə gərginliyin saxlanmasına xidmət edir. Paşinyan nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Rəsmi Bakı Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Hicran

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər