Rusiya aktivləri olmadan ayaqda qala bilmərik
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya aktivləri olmadan ayaqda qalmağın başqa bir yolunu görmürəm.
Zelenski Ukraynanın xarici dəstəyə ehtiyacı olduğunu söyləyib.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna xarici yardım olmadanmövcud iqtisadi vəziyyətdə ayaqda qala bilmir:
“Zelenskinin bu bəyanatı ABŞ və Avropa ölkələrinin dondurduğu təxminən 300 milyard dollar qiymətində Rusiya aktivlərinin Ukraynanın müdafiəsi və bərpası üçün istifadəsini nəzərdə tutur. O, bu aktivlərin tamamilə Ukraynaya yönəldilməsini tələb edir. Bu açıqlama, müharibənin iqtisadi yükünü və sülh danışıqlarının arxasında dayanan beynəlxalq dəstəyin zəifləməsini əks etdirir. Zelenskinin açıqlaması Ukraynanın iqtisadi vəziyyətini də göstərir. Çünki ölkə müharibə nəticəsində ağır maliyyə asılılığına məruz qalıb və xarici yardım olmadan dayana bilmir. Müharibənin başlanmasından bəri Ukraynanın borcunun ÜDM-yə nisbəti 50 faizdən 85 faizə qalxıb ki, bu da ölkənin maliyyə böhranı ərəfəsində olduğunu göstərir.Xarici yardım Ukrayna büdcəsinin əsas dayağıdır. Bundan başqa Dünya Bankının hesabatına görə, dağıdılmış infrastrukturun bərpası üçün 524 milyard dollar tələb olunur. Rusiya aktivlərinin dondurulması bu boşluğu doldurmağa hesablanıb. Zelenskinin sözləri iqtisadi təzyiqi dəqiq təsvir edir. Lakin bəzi analitiklərə görə, bu, ABŞ-nin yardımını azaltma ehtimalı və Avropa dəstəyinin zəifləməsi fonunda diplomatik təzyiq vasitəsidir. Aktivlərsiz ssenari Ukraynanı 2026-cı ildə defolt riski ilə üz-üzə qoya bilər. Bu, təkcə yardımın azalması ilə bağlı deyil, həm də müharibənin davam etməsi ilə əlaqədardır”.
Ekspert qeyd edib ki, Rusiya aktivlərinin Ukraynaya verilməsi ciddi hüquqi maneələr və beynəlxalq hüquqla bağlı problemlər yaradır:
“Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya verilməsi beynəlxalq hüquqda ciddi çətinliklər yaradır. Beynəlxalq hüquq, o cümlədən, BMT Konvensiyası və Vyana Müqavilələri dövlət aktivlərinin təhlükəsizliyini qoruyur. Müsadirə yalnız ağır cəza hallarında gerçəkləşə bilər. Lakin bunun üçün Beynəlxalq Məhkəmənin qərarı lazımdır və bu da xeyli vaxt apara bilər.
Çünki Rusiya aktivləri dövlət mülkiyyəti kimi qorunur. Onların Ukraynaya verilməsi ABŞ və Avropa Birliyi üçün müsadirə sayılır. Bu isə 1961-ci il Vyana Konvensiyasına ziddir. Ukrayna tam kompensasiya haqqına malik olsa da, aktivlərin müsadirəsinin hüquqi bazası zəifdir.Aktivlərə münasibətdə zorakı yanaşma Rusiyanı da digər dövlətlərin aktivlərini dondurmağa vadar edə bilər. Bu da qlobal maliyyə sisteminə zərbə vurar. Bu ilin noyabrında AB-nin liderləri bu planı təsdiqləyə bilməyib. Çünki hüquqi maneələr üstünlük təşkil edir.Bütün bunlara rəğmən aktivlərin Ukraynaya verilməsi hüquqi olaraq mümkündür. Lakin AB və ABŞ hələlik yalnız gəlirlərin istifadəsini mümkün hesab edir”.
Lalə Qurbanlı
