“Rusiya artıq vaxtı uzada bilməz”
ABŞ Rusiyanı Ukraynada dərhal atəşi dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırıb. Bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “X” sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ və Ukraynanın sülh danışıqları aparması ilə bağlı Rusiyanın iddiaları əsassızdır. Biz dərhal atəşkəsə və üçtərəfli danışıqlara keçməyə çağırış edirik. Rusiya Ukraynadakı mülki obyektləri bombaladığı halda, vaxtı uzatmağı davam etdirə bilməz”, – deyə Kelloq qeyd edib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsi təkcə iki ölkə arasında yaranan lokal qarşıdurma deyil, eyni zamanda Amerika Birləşmiş Ştatlarının (ABŞ) qlobal strateji planının tərkib hissəsi kimi qiymətləndirilə bilər:
"ABŞ-nin, xüsusilə də onun dərin dövlətinin həyata keçirdiyi geosiyasi strategiya, iqtidarda hansı siyasi qüvvənin (Respublikaçıların, yoxsa Demokratların) olmasından asılı olmayaraq sabit qalır. Taktiki fərqlər müşahidə olunsa da, bu fərqlər bütövlükdə əsas strategiyanın icrasına xidmət edir ki, bu da dünyada ABŞ-nin liderliyi ilə birqütblü sistemin qorunması və möhkəmləndirilməsidir.
Bu strategiyanın əsas məqsədi ABŞ-nin hegemoniyasına təhlükə yarada biləcək bütün güclərin – xüsusilə də Rusiya və Çin kimi dövlətlərin – zəiflədilməsidir. Rusiya hərbi və siyasi baxımdan ABŞ üçün potensial təhlükə olaraq qalır. Bu baxımdan, Rusiya-Ukrayna münaqişəsi ABŞ üçün həm Rusiya ilə Avropa Birliyi arasında münasibətləri pozmaq, həm də Rusiyanın iqtisadi inkişafını dayandırmaq üçün alətə çevrilib.
Münaqişədən əvvəl Avropa ölkələrinin Rusiyada təxminən 600 milyard dollarlıq sərmayəsi mövcud idi. Bu sərmayələr həm Rusiya iqtisadiyyatının dirçəlməsinə, həm də Moskva ilə Avropa arasında siyasi və iqtisadi yaxınlaşmaya səbəb olurdu. ABŞ isə bu yaxınlaşmanı öz strategiyası üçün ciddi təhdid hesab edirdi.
Münaqişənin gedişatında Rusiya həm hərbi, həm də siyasi üstünlük əldə edib. Ukraynanın təxminən 25 faiz ərazisini nəzarətə götürən Rusiya faktiki olaraq diktə edən tərəfə çevrilib. Bu isə NATO və Qərb üçün ciddi strateji uğursuzluq deməkdir. Hazırda münaqişə təkcə Rusiya və Ukrayna arasında deyil, həm də NATO-Rusiya qarşıdurması səviyyəsində davam edir. Təxminən 50-yə yaxın ölkədən ibarət beynəlxalq koalisiya bu münaqişəyə dolayı və ya birbaşa şəkildə cəlb olunub. Bu koalisiya hərbi, maliyyə, informasiya və psixoloji müharibə sahələrində birlikdə fəaliyyət göstərir.
Bununla yanaşı, ABŞ və Avropa Birliyi arasında fikir ayrılıqları da güclənməkdədir. ABŞ-nin indiki prezidenti Donald Trampın bəyanatlarına əsasən, Vaşinqton Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə maraqlı deyil. Bu isə NATO daxilində birlik və həmrəyliyə zərbə vurur.
Ukraynanın hazırkı rəhbərliyi isə Rusiyanın irəli sürdüyü şərtləri qəbul etmir. Bu isə sülhə nail olmaq imkanlarını daha da məhdudlaşdırır. Münaqişənin davam etməsi Ukrayna üçün həm strateji, həm də humanitar itkilərlə nəticələnir. Atəşkəs təklifləri isə Rusiya tərəfindən rədd olunur. Çünki Moskva atəşkəsi Ukraynanın növbəti əməliyyatlara hazırlaşması üçün “time-out” kimi qiymətləndirir. Rusiya siyasi elitası keçmiş təcrübələrə əsaslanaraq, atəşkəs razılaşmalarının yalnız qarşı tərəfə vaxt qazandırmağa yönəldiyini düşünür.
Qeyd edilməlidir ki, 2015-ci ildə Minskdə Almaniya kansleri Angela Merkelin səsləndirdiyi fikir – “biz vaxt qazandıq ki, Ukraynanı silahlandıraq”, – bu yanaşmanın nümunəsidir. Rusiya bu kimi yanaşmaları aldatma və təxribat kimi qiymətləndirir. Ona görə də Rusiya tərəfi yalnız öz şərtlərinin qəbul edildiyi sülh sazişinə razı ola biləcəyini bildirir".
Politoloq əlavə edib ki, ABŞ-nin indiki siyasəti sülh yaratmaqdan daha çox Avropa ilə Rusiya arasında gərginliyi uzunmüddətli qarşıdurmaya çevirmək məqsədi güdür:
"ABŞ dollarının dünya bazarındakı hegemoniyası üçün əsas rəqib avrodur. Avropa iqtisadiyyatının zəifləməsi isə avronun dünya valyutası statusunu sarsıdaraq, dolların mövqeyini qoruyur.
Müharibənin davam etməsi Avropa üçün həm iqtisadi, həm də hərbi baxımdan ağır nəticələrə gətirib çıxarır. Avropa ölkələri böyük həcmdə maliyyəni Ukraynaya yardım üçün yönəldir ki, bu da əsasən ABŞ hərbi-sənaye kompleksindən silah və sursat alınması şəklində gerçəkləşir. Bunun nəticəsində Avropa iqtisadiyyatı zəifləyir, ABŞ isə həm iqtisadi, həm də strateji baxımdan güclənir.
Prezident Trampın münaqişənin qısa müddətdə sülh yolu ilə həll ediləcəyi ilə bağlı verdiyi bəyanatlar isə daha çox görüntü xarakteri daşıyır. Onun indiki fəaliyyəti – xüsusilə İran və İsrail məsələlərində – ABŞ-nin daha çox aqressiv mövqe tutduğunu göstərir.
Nəticə etibarilə, Ukrayna münaqişəsinin yaxın vaxtlarda bitməsi real görünmür. Rusiya özünü qalib tərəf hesab edir və şərtlərini qəbul etdirməyə çalışır. Qərb isə, xüsusilə də ABŞ, bu münaqişədən istifadə edərək həm Avropanı zəiflədir, həm də Rusiya ilə uzunmüddətli qarşıdurmanı dərinləşdirir. Ukrayna isə bu prosesdə böyük itkilər verir və geosiyasi oyunların əsas qurbanına çevrilir".
Aytən Ağazadə