Rusiya-Azərbaycan münasibətlərində gərginlik davam edir
Son aylarda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik daha da artıb. Əvvəlcə AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması, ardınca isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən sərt polis reydləri iki ölkə arasında ciddi narazılıqlara səbəb olub. Rusiya Prezidenti Vladimir Putin isə son açıqlamasında Azərbaycanla münasibətlərdə “problemlərin” olduğunu etiraf edib və İlham Əliyevlə yalnız qısa söhbət etdiklərini bildirib. Bütün bunlar Azərbaycan–Rusiya münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Vladimir Putinin Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf etməsi, münasibətlərdə real gərginliyin mövcudluğunu göstərir:
"Problemlərin əsas səbəbkarı Rusiya tərəfidir və Putinin bu etirafı Rusiyanın məsuliyyətini ortaya qoyur, gələcəkdə atılacaq addımlara dair siqnal verir. AZAL təyyarəsinin vurulması və Yekaterinburqda diaspor üzvlərinə qarşı keçirilən reydlər isə Azərbaycan-Rusiya münasibətlərini daha da gərginləşdirib.
Rusiya bu hadisələrdən sonra beynəlxalq hüquqa və iki dövlət arasındakı münasibətlərin ruhuna zidd addımlar atıb, əksinə, daha çox təzyiq və təhdid nümayiş etdirib. Azərbaycan tərəfi Rusiyaya qarşı münasibətləri dəyişdirməyə çalışmır. Sadəcə səhvlərin düzəldilməsini və münasibətlərin əvvəlki səviyyəyə qaytarılmasını istəyir. Bunun üçün Rusiyanın konkret addımlar atması vacibdir. Əks halda, hər şeyin yalnız onun maraqlarına tabe olacağı düşüncəsi münasibətlərin normallaşmasına imkan verməyəcək".
Sura Əliyeva