Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır
Rusiya və Ermənistan Azərbaycandan tranzitlə gübrə tədarükünü müzakirə edir.
Mövzu ilə bağlı olaraq iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, düzgün tənzimləmə Azərbaycan üçün faydalı ola bilər:
“İlk növbədə onu qeyd edim ki, düzgün tənzimləmə olarsa, iqtisadi baxımdan bu layihə Azərbaycan üçün faydalı olar. Düzgün tənzimləmə dedikdə ilk növbədə daxili bazarın qorunması, rəqabət mühitinin düzgün tənzimləməsi nəzərdə tutulur. Tranzitlə gübrə tədarükü iqtisadi baxımdan ölkəmiz üçün tranzit gəlirlərinin artması, gömrük rüsumlarından əldə olunan gəlir və tranzit ilə əlaqəli əldə olunan digər gəlirlər baxımından iqtisadi əhəmiyyət kəsb edir. Bu razılaşma əslində ölkəmizin regional və beynəlxalq aləmdə güc göstəricisinə bir növ dəstəkdir. Həm əlverişli coğrafi regionda yerləşməsi, həm də risksiz gəlirlər iqtisadi avantaj təşkil edir. Gübrə tranzitinin Azərbaycan kənd təsərrüfatı və gübrə bazarına təsirini qarşılaşdırmaq üçün ilk növbədə qiymət və keyfiyyət amilinin müqayisə etməliyik. Əgər istənilən səviyyədə olarsa, əldə olunan gəlirlə amortizə etmək lazımdır və ya xarici texnologiyanı ölkədə tətbiq edib yerli istehsala tövfə vermək olar. Sonrakı zamanlarda alternativ tranzitlər, Rusiyaya sanksiyalar və ya Azərbaycan Ermənistan qarşıdurması bu iqtisadi sabitliyi poza bilər “.
Arzu Poladova
