00:00:00
Yazar
Admin User
09.10.2025 16:46 203 3 dəq oxuma
Siyasət

Rusiya bu ölkədən çıxmayacaq

Rusiya bu ölkədən çıxmayacaq

Suriya rəhbərliyi Rusiyanın respublikada mövcudluğunu saxlamaqda maraqlıdır.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


“Biz maraqlıyıq ki, bəziləri sovet dövründə, bəziləri 2011-2014-cü illərdən sonra başlanmış, milli iqtisadiyyata, sənayeyə, kənd təsərrüfatına və energetikaya yardımla bağlı hər şey davam etsin. Amma təbii ki, bunu yeni şəraitə uyğunlaşdırmaq lazımdır. Bu, bizim hərbi bazalarımıza da aiddir.


Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz Suriya rəhbərliyinin iradəsinə zidd olmayacağıq. Görünür, Suriya rəhbərliyi, eləcə də bir sıra region ölkələri bizim orada mövcudluğumuzu saxlamaqda maraqlıdırlar”, - Lavrov qeyd edib.


Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Lavrov son açıqlamasında Rusiyanın Suriyadakı iştirakının həm hərbi, həm də iqtisadi tərəflərindən danışıb və bu iştirakın davam edəcəyini bildirib:


“O, bu məsələdə qarşılıqlı maraqların, hətta konsensusun mövcud olduğunu ifadə edib. Lavrov qeyd edib ki, Suriyada maraqlı tərəflər var və oradakı bəzi xarici aktivlər də Rusiyanın Suriyada qalmasında maraqlıdır.


Bu, əslində, reallığa uyğun görünür. Çünki Suriya Yaxın Şərqin açarı hesab olunur və orada mövcudluq bölgə ölkələri arasında güc balansı yaradaraq klassik Şərqə tarazlıq gətirmək məqsədi daşıyır. Buna görə də, bəzi ölkələrin Rusiyanın Suriyada mövcudluğuna maraq göstərməsi təbii haldır”.


Hikmət Babaoğlu qeyd edib ki, məsələnin digər tərəfinə gəldikdə isə, bəzən hər şey göründüyü kimi olmur:


“Əhməd əş-Şaraanın mürəkkəb şəraitdə, heç kimin gözləmədiyi halda Suriyada hakimiyyətə gəlməsi sadəcə təsadüf olmayıb. Şübhəsiz ki, bu, illərlə hazırlanmış, siyasi və strateji baxımdan zəmini formalaşdırılmış bir proses idi. Bu prosesdə Rusiyanın hansı rolu oynadığını bilmirik və təbii ki, Lavrov da bunu açıqlamaz. Görünür, bu məsələdə də müəyyən konsensus mövcuddur. Eyni zamanda Suriyanın hazırkı hakimiyyəti və gələcəkdə kim olursa olsun, Rusiyaya marağı təbii hesab olunur. Nəticə etibarilə Rusiya böyük resurslara və güclü hərbi-sənaye potensialına malik ölkədir. Onun İsraillə münasibətləri də hələ SSRİ dövründən formalaşmışdır.


Rusiya-Şərq münasibətləri ilə bağlı gələcək proseslər isə regiondakı müharibənin nəticəsindən asılı olacaq. Əgər Rusiya Şərq–Avropa müharibəsini öz xeyrinə bitirərsə, o zaman tamamilə fərqli bir siyasi paradigma formalaşacaq. Əks halda, Rusiya strateji miqyasda müəyyən məcburi dəyişikliklərə getməli olacaq və bu zaman Suriyadakı iştirakı da fərqli əsaslarda davam edəcək. Buna görə hadisələrin inkişafını izləmək vacibdir”.


Politoloq son olaraq açıqlamasına əlavə edib ki Suriyanın Rusiyanın hərbi iştirakına münasibətinə gəldikdə isə, suriyalıların baxış bucağında müəyyən məntiq var:


“Hər nə qədər Türkiyə Suriyada aktiv rol oynasa və strateji məsələlərin həllində mühüm addımlar atsa da, Suriyanın Türkiyəyə münasibətində eyni müsbət yanaşma müşahidə edilmir. Suriya yalnız bir aktordan asılı olmaq istəmir. Buna görə də, Rusiyanın Suriyadakı hərbi iştirakını Türkiyənin təsiri ilə balanslaşdırmağa çalışır.


Tarix göstərir ki, Suriya ilə Türkiyə münasibətləri müxtəlif dövrlərdə dalğalı olub. Dəyişən geosiyasi şərait nəticəsində bir gün yenidən, Həfiz Əsəd və ya Bəşər Əsəd dövrlərində olduğu kimi, iki ölkə arasında münasibətlərin gərginləşməsi mümkündür. Bunun ilkin işarələri də artıq görünür. Bəzi hallarda Türkiyə vətəndaşlarının Suriyaya səfərlərinə məhdudiyyətlər qoyulur. Türkiyənin qəti mövqeyinə baxmayaraq, bugünkü Suriya hakimiyyəti hələ də PKK və PJK kimi Türkiyənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları ilə dil tapmağa çalışır və onlara qarşı sərt mövqe nümayiş etdirmir.


Bu strateji nüansları diqqətdən kənarda saxlamaq olmaz. Türkiyə bu hadisələrin fərqli istiqamətlərdə inkişafına da hazır olmalıdır. Görünür, Suriya Rusiyanın Suriyada iştirakını zəruri hesab edir, çünki Yaxın Şərqdə heç bir ölkənin iştirakı Rusiyanın iştirakı qədər balanslaşdırıcı faktor kimi çıxış edə bilmir”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər