Rusiya bəzi Avropa nümayəndələrinə ölkəyə giriş qadağası qoyub
Rusiya Xarici İşlər Nazirliyi, Avropa İttifaqının yeni sanksiyalarına cavab olaraq bir sıra Avropa nümayəndələrinə ölkəyə giriş qadağası tətbiq olunduğunu açıqlayıb.
Nazirliyin bəyanatında xatırladılıb ki, Avropa İttifaqı 23 oktyabrda Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Moskva bu qərarı “qanunsuz” və “düşməncəsinə addım” kimi qiymətləndirib.
Açıqlamada bildirilib ki, cavab olaraq Rusiya tərəfi Brüsselin Moskva əleyhinə siyasətinə qoşulan Avropa qurumları, Aİ üzv ölkələri və bəzi digər Avropa dövlətlərinin nümayəndələrinin yer aldığı sanksiya siyahısını əhəmiyyətli dərəcədə genişləndirib. “Bu siyahıya daxil edilən şəxslərin Rusiyaya girişi qadağandır", - deyə bəyanatda vurğulanıb.
Nazirlik həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət və kommersiya qurumlarının nümayəndələri, eləcə də Aİ ölkələri və bəzi Qərb dövlətlərinin vətəndaşları siyahıya daxil edilib. Onların Rusiyaya qarşı fəaliyyətlərdə iştirak etdiyi və Ukraynanı dəstəklədiyi qeyd olunub.
Sanksiya siyahısına əlavə edilən şəxslərin dəqiq sayı açıqlanmayıb.
TRT Xəbər
Sura Əliyeva