Rusiya Donbasda genişmiqyaslı hücuma hazırlaşıb
Rusiya qüvvələri Donbasda genişmiqyaslı hücuma hazırlaşır. Ruslar artıq Donetsk vilayətində Slavyansk və Kramatorska gedən logistik marşrutlara tam nəzarət etmək üçün imkanlar axtarmağa başlayıb, bu barədə ukraynalı zabit Stanislav Bünyatov məlumat verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya Ukrayna müharibəsindən çıxmaqda maraqlıdır:
"Ancaq bu ölkə savaşı elə şərtlərlə bitirmək istəyir ki, bu, onun üçün qələbə effekti yaratsın və geniş miqyaslı hərbi qənimətlər ələ keçirməsinə imkan versin. Hazırda Kreml bütün cəhdlərini bu istiqamətə yönəldib. Buna görə də həm Ukraynaya, həm Avropa Birliyinə, həm də ABŞ-yə təsir göstərmək, təzyiq etmək üçün döyüş əməliyyatlarının intensivliyini artırmağa çalışır.Rusiyanın əsas hədəfləri arasında Donbasın tam ələ keçirilməsi xüsusi yer tutur. Hətta Ukraynadan tələb edirlər ki, Donbasın hələ işğal olunmamış yaşayış məntəqələri də Rusiya ordusunun nəzarətinə verilsin ki, sülh sazişi üzrə irəliləyiş əldə olunsun. Yəni, Rusiya əslində Ukraynadan kapitulyasiya aktı imzalamasını tələb edir. Hazırda buna nail ola bilmədiyindən, həm Ukraynanın, həm də ABŞ və Qərbin müqavimətini qırmaq üçün cəbhədə daha ağır vəziyyət yaratmağa çalışır. Rusiya ordusu hələ döyüş qabiliyyətini tam itirməyib və mümkün qədər Ukrayna ərazisində irəliləməyə, strateji-logistik yolları nəzarətə götürməyə cəhd edir. Bu, müharibənin gələcək taleyinə təsir göstərə və Ukrayna ordusunu əlverişsiz vəziyyətə sala bilər. Ancaq qərbdən Ukraynaya verilən hərbi dəstək intensiv xarakter alsa və hücum silahları ilə təchizat güclənsə, situasiya Rusiyanın əleyhinə çevrilə bilər. Bu baxımdan, Rusiyanın hazırda döyüş meydanında tez-tələsik situasiyanı qəlizləşdirməyə çalışması strateji xarakter daşıyır. Əgər Moskva öz məqsədinə nail ola bilməsə və Qərb daha prinsipial davranaraq Ukraynaya dəstəyi artırsa, bu, Rusiya üçün bumeranq effekti verə bilər".
Qəmər Kazımzadə